Gömrük Xidməti rəhbərlərinin konfransı keçirilib

  • 09.06.2021
  • 0

Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin virtual konfransı keçirilib. Konfransda Ümumdünya Gömrük Təşkilatının Baş katibi, Ümümdünya Gömrük Təşkilatı Şurasının sədri və təşkilatın Avropa Regionunun 53 üzv dövlətinin gömrük xidmətlərinin rəhbərləri iştirak edib. Hazırda dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu ÜGT-nin Avropa Regionuna Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi rəhbərlik edir.

Konfransa Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sədrlik edib.

Vitual konfransda Azərbaycan gömrüyünün pandemiya dövründə də bir sıra mühüm yeniliklərə imza ataraq uğurla inkişaf etdiyini vurğulayan Səfər Mehdiyev informasiya texnologiyalarına əsaslanan layihələr, beynəlxalq ticarətin inkişafı, qaçaqmalçılığa, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə atılan addımlardan danışıb.

O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı tarixi qələbənin sülhün bərpası və qorunması, regional əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi, tranzit dəhlizlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. ÜGT-nin Baş katibi Kunio Mikuriya çıxış edərək Azərbaycan Gömrük Xidmətinin Avropa Regionuna sədrliyi dövründə faydalı fəaliyyətindən bəhs edib.

Bildirib ki, gömrük üçün əsas məsələlərdən biri ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasıdır ki, pandemiya dövründə gömrük orqanları bu sahədə uğurlu fəaliyyət göstəriblər.

ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionuna sədrliyi dövründə irəli sürülən faydalı təkliflər və təşəbbüslərə görə Komitə sədri Səfər Mehdiyevə təşəkkür edib.

Qeyd edək ki, konfrans çərçivəsində ÜGT-nin Avropa Regionuna sədrlik etdiyi dövrdə səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionunun Şərq qrupu tərəfindən ÜGT-nin Siyasi Komissiyasına namizədliyi irəli sürülüb və Azərbaycan gömrük xidməti yekdilliklə 2021-2023-cü illər üzrə Siyasi Komissiyaya üzv seçildi.

Nə düşünürsən?