“Əsgərlər üzərində 48 günə 800 əməliyyat həyata keçirdik”

  • 26.12.2020
  • 0

Onlar həm də könüllülərdir. Azərbaycan əsgəri bizim, ağ xalatlı həkimlərimiz isə əsgərlərimizin qəhrəmanlarıdır. Vətən Müharibəsinin ilk günündən yaralı əsgərlərimizə keşik çəkən qəhrəmanlardan biri də Fərhad Hüseynovdur. Fərhad həkim ixtisasca travmatoloqdur: “Müharibə dövrünün həkimi olmaq şərəfli və məsuliyyətlidir. Mülki həyatla fərqi çox olan bir işdir. Biz ön cəbhədə olmasaq da, hərbi həkim kimi hospitaldan başladıq. 24 saat ərzində davamlı çalışırdıq. Yaşayış yerimiz belə xəstəxananın özündə idi”. Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadasının tərkibində Gəncəyə ezam olunan Fərhad Hüseynov deyir ki, hospital çoxprofilli olduğundan, ağır yaralıların sayı daha çox idi: “Əsasən ağır travmalar və ağır müştərək yaralanmaları olan əsgərlərimizə xidmət etmişik. Ən çox döş boşluğu, qarın boşluğu, ətrafların sınıqları, damar zədələnməsi və ağır sınıqları, kəllə-beyin travmaları üstünlük təşkil edirdi. Damar cərrahları ilə birlikdə icra olunan travmatoloji əməliyyatlar daha çox idi. Əgər bu əməliyyatlar dərhal olunmayacaqdısa, ətraf amputasiyaya getməli idi. Bu səbəbdən ixtisaslı mütəxəssislərimiz cəlb edilmişdi ki, vaxtında hər yaraya müdaxilə edə bilək”. Yalnız bir yaralı əsgər üzərində elə döyüş bölgəsində ilkin amputasiya olunduğunu deyən Fərhad Hüseynovun sözlərinə görə, 28 günə 800-dən çox əməliyyat icra olunub: “400-ə yaxın yaralıda 800-ə yaxın əməliyyat icra olunub. Günə 10 ağır əməliyyat. Bir yaralıda bir neçə cərrahi briqada əməliyyatı baş tutub. Əsgərlərin döyüş əzmi, rəşadəti o qədər yüksək idi ki, əməliyyatın ağırlığını bilsələr belə, ruh düşkünlüyünə qapanmırdılar”. Çətin və şərəfli yolda sizə dözüm, əllərinizdən şəfa diləyirik.

Nə düşünürsən?