Azərbaycanlı cərrah ürəyi qoruyan qaydaları açıqladı

  • 06.05.2021
  • 0

Siqaret ürəyin bir nömrəli düşmənidir, tütünün tərkibində nikotindən başqa təqribən 4000 zəhərli maddə var. Bunlar ürəyin və ümumiyyətlə bütün damarların içəri qişasını zədələyirlər və bunun nəticəsində damardaxili trombların əmələ gəlməsi sürətlənir.

Bu sözləri Publika.az-a müsahibəsində Almaniyada yaşayıb çalışan ürək cərrahı Seymur Kərimli deyib.

Almaniyanın ən böyük xəstəxanalarından olan Vürzburq Klinikasının şöbə müdiri, hazırda həmin klinikanın 9 əsas ürək cərrahından biri olan həmyerlimiz bizimlə ürək sağlamlığına və həyata keçirdiyi ürək transplantasiyasına dair vacib məqamları bölüşüb.

- Seymur doktor, niyə Almaniya universitetlərindən birində təhsil almaq qərarına gəldiniz və ürək cərrahiyyəsini seçdiniz? Ümumiyyətlə, bu yolda hansı çətinliklərlə qarşılaşmısınız?

- Həkim ailəsində böyümüşəm, orta məktəbi qızıl medalla, Tibb Universitetini isə qırmızı diplomla bitirən atam idealım idi. Hələ uşaq vaxtlarından qarşıma məqsəd qoymuşdum ki, atam kimi tanınmış həkim olum, insanlara şəfa vermək istəyi məni bir an da olsun tərk etməyib. Atam ürək infarktından dünyasını dəyişəndən sonra bu həyatda üzərimə düşən missiyanı müəyyənləşdirdim. Atamın həm varlığı, həm də yoxluğu öz yolumu tapmağa kömək etdi və məni ürək cərrahiyyəsinə gətirdi. Beləliklə ürək cərrahı olmağa qərar verdim. Bu sahəni dərindən öyrənib müasir cərrahi yolla ürək xəstələrinə yardımçı olmağı qarşıma məqsəd qoymuşdum. Bu hadisələr 1995-ci ilə təsadüf edir, onda Tibb Universitetinə yeni qəbul olmuşdum, o illərdə Azərbaycanda ürək infarktı keçirən xəstələrin koronar damarlarına stent qoymaq və ya şuntlama əməliyyatları ilə həyatlarını xilas etmək mümkün deyildi. 2001-ci ildə Tibb Universitetini bitirəndə belə, Azərbaycanda ürək cərrahiyyəsi demək olar ki, yox səviyyəsində idi.

Nə düşünürsən?