Ailə həyatı qurduğu gün şəhid olan kəşfiyyatçı

  • 03.04.2021
  • 0

Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn gənclərdən biri də Ucar rayon sakini, 32 yaşlı Elçin Mübariz oğlu İsmayılovdur. APA TV xəbər verir ki, xüsusi Təyinatlı Qüvvələrin zabiti, qərargah rəisin müavini, kəşfiyyatçı, döyüşü idarə edən komandir şəhid kapitan Elçin Mübariz oğlu İsmayılov 1989-ci ildə Ucar rayonunda anadan olub. Elçin 1995-2006-ci ildə Ucar rayonunda 1 saylı tam orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olub. 2010-cu ildə həmin məktəbi motoatıcı tağım komandiri vəzifəsi üzrə bitirib. Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə Zabitlərin təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət etmək üçün göndərilib və oranı əla nəticə ilə tamamlayıb. 2011-ci ildə Ağcabədi rayonun "N" saylı hərbi hissənin V motoatıcı taboruna tağım komandiri kimi xidmətə yollanıb. Həmin hərbi hissədə bir müddət işlədikdən sonra könüllü olaraq öz adını Xüsusi Təyinatlı Qüvvələrə yazdırıb. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 19 nəfər keçib ki, onlardan biri də Elçin İsmayılov olub. Xüsusi Təyinatlı Qüvvələrə daxil olduqdan sonra dəfələrlə Türkiyədə hərbi təlimlərdə iştirak edərək müsbət nəticə göstərib, Fəxri Fərman və medallarla mükafatlandırılıb. 2012-ci ildə "052" saylı hərbi hissəyə qrup komandirinin müavini, 2014-ci ildə isə həmin hərbi hissədə xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmət edib. Elçin 2015-ci ildə Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə, 2016-ci ildə isə Talış istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2015-2016-cı illərdə amerikalı təlimatçılar tərəfindən Goran təlim mərkəzində yüksək göstərici ilə "Special Operations Training" kursunu uğurla keçərək sertifikatla təltif edilib. 2018-ci ildə Türkiyədə təlimlərdə iştirak edən Elçin İsmayılov 2019-cu ildə isə pakistanlı təlimatçılar tərəfindən Giləzi Tədris Mərkəzində "Dağlarda döyüş" kursunu bitirib. Şəhid Elçin İsmayılov tam hazırlıqlı hərbiçi kimi Vətən Müharibəsinin ilk günlərindən cəbhədə komandir kimi fəaliyyətə başlayıb. Son döyüşü Fizuli uğrunda gedən döyüşlərdə olub. 2020-ci il oktyabrın 7-si qəhrəmancasına şəhid olub. Atası Mübariz İsmayılov deyir ki, Elçin hələ uşaqlıqda hərbiyə meyilli olub: “Ölkədaxili keçirilən "Cəsurlar" və "Şahin" adlı idman oyunlarında iştirak edib. Həmin tədbirlərdə fəal iştirakına görə bir neçə fəxri fərmanlara da layiq görülüb. Oğlum, öz istəyi ilə hərbi akademiyaya qəbul olundu. Oranı qurtarandan sonra Bakı və Ağcabədidə işlədi. Vətən müharibəsi başlayanda isə cəbhəyə yollandı. Oktyabrın ayının 8-i şəhidliyi barədə xəbər tutdum. Təsəllini də, oğlumun Vətən yolunda canından keçməsində tapıram”. Anası Dilşad İsmayılova Elçinlə qürur duyduğunu deyir: “O, uşaqlıqdan hərbini çox sevirdi, bu peşənin vurğunu idi. Odur ki, məktəbi bitirəndən sonra öz həvəsi ilə də ali məktəbə daxil olub. Mənim 3 övladım var, 3-də hərbiçidi. Elçin böyük qardaş olduğundan kiçik qardaşlarını da bu peşəyə həvəsləndirib, ruhlandırırdı. Elçin də, qardaşları Nurlan və Elvin də müharibə iştirakçılarıdır. Hərbini seçməkdə əsas məqsədi də o idiki, torpaqlarımızı düşmən tapdağından azad edilməsinin iştirakçısı olsun. Son danışığımız oktyabrın 5-i oldu. Atası ilə danışanda qələbə ilə qayıdacağını dedi. Elçinin arzusu Şuşanın alınmasında bayrağın sancılmasını istəyirdi. Amma qismət olmadı, Fizulidə şəhid oldu”.....

Nə düşünürsən?