Mübariz Mənsimova daha bir ağır zərbə

  • 10.04.2020
  • 59 baxış
  • 0

“Mübariz Mənsimovun həbs olunması xəbərini mətbuatdan oxudum. Açığı, çox məyus oldum. Çünki eyni hal həm də mənim başıma gəlmiş oldu. Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyğun Nadirov məni illərdir, aldadırlar”.

Bax.tv Offsideplus.az-a istinadla xəbər verir ki, bu sözləri “Zirə”nin üzvü Adrian Skarlatake deyib.

Rumıniyalı futbolçu “Futbol+” qəzetinə açıqlamasında tanınmış iş adamının yaxın adamlarının onun pulunu verməmək üçün hər cür yola əl atdığını, Mənsimovun saxta sənəd düzəldənlərdən xəbərdar olduğunu bildirib:

“FİFA və Azərbaycan Ali Məhkəməsinin bu məsələdə qalib gəlməyim barədə qərarı var. Orada da 1 illik maaşımın ödənilməməsi ilə bağlı bənd var. Lakin son 4 ildə Mais Mənsimovla Tuyqun Nadirov Lənkərandan olan məhkəmə icraçıları ilə birləşərək saxta işlər görməkdədirlər. Onlar saxta sənədlərdən istifadə edərək bir neçə dəfə “Xəzər Lənkəran”ın prezidentinin və rəsmilərinin vəzifələrini dəyişiblər. Halbuki klub onlara məxsus idi və hazırda da elədir”.

Şikayətçi Mais Mənsimovla Tuyqun Nadirovun əməlləri haqda şok faktlar açıqlamaq istəmədiyini bildirib:

“Hələ ki çox dərinə getmək istəmirəm. Yaxın günlərdə onların iyrənc əməlləri haqda məlumat verəcəm. Dövlət üçün işləyən lənkəranlı icraçılar vəzifə borclarını vaxtında yerinə yetirmədilər.

Bununla da Mais Mənsimovla Tuyqun Nadirovun “Xəzər Lənkəran”a nəzarət edən şirkətin aktivlərinin, klubun bütün mallarının təhvil alınmasına və satılmasına dair sənədlərdə dəyişiklər etməsinə şərait yaratdılar.

Bu və başqa cinayət faktları FİFA-da var. Azərbaycan Ali Məhkəməsində udduğum məhkəməni əngəlləmək və mənə çatacaq pulu ödəməmək üçün bu cür yola əl atdılar”.

İllərdir, Azərbaycanda top qovan Skarlatake haqqı olan puldan hələ də əlini üzmədiyini qeyd edib. Onun fikrinə görə, Azərbaycan hökuməti araşdırma aparıb cinayətkarların üzə çıxarılmasına nail olacaq:

“Azərbaycanın ədalətinə əminəm və Baş Prokurorluğun hərəkətə keçərək Mais Mənsimovla Tuyqun Nadirovun, eləcə də onlarla əlbir olan hökumət işçilərinin və vəkillərin korrupsiya faktlarını üzə çıxaracağına əminəm. Əks təqdirdə yenidən FİFA-ya və ya İnsan Hüquqları Ali Məhkəməsinə üz tutacam.

Mən klubdan müqavilədə əks olunan 1 illik maaşımı istəyirəm, bura mükafat aid deyil. Bütün təfərrüfatları əsl həqiqətin üzə çıxması ümidi ilə prokurora verəcəm. Yenə deyirəm, Azərbaycanın ədalətinə güvənirəm və ümid edirəm ki, futbol belə cinayət əməllərinin kölgəsində yatmayacaq”.

Nə düşünürsən?