Zob hansı hallarda əməliyyat olunmalıdır?

  • 15.01.2020
  • 0

Zob qalxanabənzər vəzin qeyri-normal patoloji böyüməsidir. Böyüklərdə zob diffuz (yayılmış) və ya düyünlü olur. Həmçinin, zob qalxanabənzər vəzin hormonlarının normal, azalmış və ya artmış ifrazı ilə müşahidə edilir.

 

ETİOLOGİYA.

Zobun əksər halları yodun çatışmazlığı səbəbindən inkişaf edir. Azərbaycanda yod çatışmazlığı ciddi problemdir və bu səbəbdən zob ölkədə, xüsusilə də, dağlıq zonalarda geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə isə yod çatışmazlığı səbəbindən zob çox nadir hallarda rast gəlinir. Bu ölkələrdə zob əsasən çoxdüyünlü zob, xroniki autoimmun (Haşimoto) tiroiditi və Qreyvs (hipertireoz) xəstəliyi ilə bağlıdır. Yaşlı və ahıl insanlarda zob əsasən çoxdüyünlü olur.

Zobun digər az hallarda müşahidə edilən səbəblərinə törəmələr, tiroiditlər (qalxanabənzər vəzin iltihabı) və infiltrativ xəstəliklər daxildir. Çoxdüyünlü zobu olan xəstələrdə qalxanabənzər vəzin xərçəngi riski təxminən 3-5%-dır və solitar (və ya tək) tiroid düyünləri ilə eyni riskə malikdir. Məsələn, Pakistanda zobu olan 718 xəstənin 2.9%-də tiroid vəzinin xərçəngi təyin edilmişdir.

 

PATOFİZİOLOGİYA.

Yod çatışmazlığı və ya xroniki autoimmun (Haşimoto) tiroiditi olan xəstələrdə zobun inkişafının əsas səbəbi TSH və ya tiroid stimullaşdırıcı hormonun ifrazının artmasıdır. Halbuki, sporadik qeyri-toksik çoxdüyünlü zobu olan xəstələrdə TSH-nun səviyyəsi normada olur. Bu xəstələrdə tiroid vəzi toxumasının böyüməsi, TSH də daxil olmaqla, bir neçə müxtəlif böyümə faktorunun qalxanabənzər vəzin follikulyar hüceyrələrinə təsiri ilə bağlıdır. Müxtəlif böyümə faktorunun təsiri nəticəsində tiroid vəzinin diffuz, daha sonra isə çoxdüyünlü böyüməsi baş verir. Bu düyünlərin bir sırasında TSH reseptoru və ya G zülallarda baş verən aktivləşdirici mutasiyalar, həmin düyünlərin avtonom olmasına səbəb ola bilir. 

Xəstələrin bir çoxunda nəsildə zob xəstəliyinin olduğu müəyyən edilir. Buna görə də, zob xəstəliyində genetik faktorların da rol oynadığı nəzərdən keçirilir. Bir çox xəstədə zobun inkişafı aşağıdakı addımlarla baş verir:

Ahıl və daha çox yaşlı insanlarda tiroid vəzinin ümumi həcminin artması.

Xəstə təyin edilən zobun ölçüsü həmin zobun xəstədə olduğu müddətin uzunluğu ilə düz mütanasibdir.

Zobun ölçüsü böyük olduqca, qanda TSH-nun konsentrasiyası aşağı düşmüş olur.

Qreyvs xəstəliyində isə tirotropin reseptorlarına qarşı anticismlər TSH reseptoruna birləşərək onu stimullaşdırır və tiroid hormonun böyüməsinə və artıq hormon ifrazına səbəb olur.

 

DİAQNOSTİK MÜAYİNƏ.

Zobun diaqnozu adətən fiziki müayinə zamanı qoyulur. Zob həmçinin digər səbəblərə görə aparılan radioloji müayinələr (məs., yuxu arteriyalarının US müayinəsi) zamanı təsadüfi tapıntı da ola bilər. Zob təyin olunduqda, diaqnostikanın əsas məqsədi onun səbəbinin müəyyən edilməsi, obstruktiv simptomların (tənəffüs yolları və udmanın pozulması) mövcudluğunun təyin edilməsi, zobun tərkibində şübhəli ultrasəs görüntüsü verən düyünlərin təyin edilməsi, və tiroid vəzinin funksional vəziyyətinin müəyyən edilməsi olmalıdır. Bu faktorlar zobun müalicəsi taktikasına təsir göstərir. Anamnez, kliniki müayinə, US müayinəsi və böyük və şübhəli düyünlərin incə iynə aspirasiyalı biopsiyası vasitəsilə xərçəng xəstəliyinin istisna edilməsi xüsusi əhəmiyyət kəsb edir. Autoimmun tiroid vəzi xəstəliyi, tiroidit və tiroid vəzi xərçəngi olmadığı hallarda əsasən xoşxassəli çoxdüyünlü zob diaqnozu nəzərdən keçirilir.

 

Kliniki xüsusiyyətlər. Zobun kliniki xüsusiyyətləri tiroid vəzinin disfunksiyasının mövcudluğu və zobun ölçüsü və böyümə sürətindən asılı olur. Əksər hallarda zob uzun illər və onilliklər ərzində çox yavaş böyüyür və xəstələrin əksəriyyəti asimptomatik olur.

Differensiasiya olunmuş tiroid xərçəngi yavaş böyüyür və kliniki cəhətdən tək-düyünlü və ya çox-düyünlü xoşxassəli zobdan az fərqlənir. Nadir olan anaplastik tiroid xərçəngi və ya qalxanabənzər vəzin birincili limfomaları çox vaxt sürətlə böyüyən boyun kütləsi kimi təzahür edir və obstruktiv simptomlara (məs., təngənəfəslik, auskultasiyada "külək səsi" və öskürək) səbəb olur.

Uzun müddət ərzində zobu olan xəstələrdə də obstruksiya ilə bağlı simptomlar müşahidə edilə bilər. Obstruksiya əsasən böyüyən zob toxuması ilə traxeyanın kompressiyası (sıxılması) və ya zobun daxilində olan düyündə ikincili qanaxma nəticəsində zobun sürətlə (adətən ağrı ilə müşahidə edilir) böyüməsi səbəbindən baş verir.

İnfeksion (irinli) və ya yarıkəskin tiroidit hallarında da tiroid vəzi toxumasının sürətli böyüməsi müşahidə edilə bilər. Lakin, bu cür hallarda toxumanın böyüməsi ağrı və yüksək hərarətlə müşaiyət olunur. İnfeksiyası olan xəstələrdə tiroid vəzinin struktur dəyişiklikləri adətən bir tərəfli olur. Yarıkəskin tiroiditdə isə tiroid vəzinin iki tərəfli böyüməsi və ağrı müşahidə edilir.

Nə düşünürsən?