Kürdəmirdə su problemi yaşanır

  • 14.01.2020
  • 0

Hava şəraitinin həddindən artıq quraq keçməsi Kürdəmirdə su sarıdan problemin yaranmasına səbəb olub.



Xezerxeber.az-ın məlumatına görə, Kürdəmir rayonunun Ərşəli kəndinə su gəlmədiyindən çətinlik yaranıb. Sakinlər 6 aya yaxındır ki, susuzluqdan əziyyət çəkirlər.



Sakinlərin sözlərinə görə, kənddə həm təsərrüfat, həm də içməli su problemi yaşanır. Odur ki, məcburiyyətdən suyu maşınla alırlar. Su maşınları isə 5-6 ton suyu 40 manata gətirir.



Məsələ ilə bağlı Kürdəmir Suvarma Sistemləri İdarəsindən bildirdilər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Ərşəli kəndi ilə yanaşı bir neçə kənddə su qıtlığı yaranıb.



O da bildirildi ki, rayon ərazisində ümumilikdə 72 min suvarılan sahə var. Bunun 43 min hektarı Kürdəmir Suvarma Sistemləri İdarəsinin, 29 min hektarı isə Mollakənd Mexaniki Suvarma İdarəsinin balansındadır. Mexaniki suvarılan sahələr üçün Kür çayından istifadə olunsa da, qalan ərazilər Yuxarı Şirvan Kanalından və Girdiman çayından qidalanır. Hazırda Girdiman çay və Yuxarı Şirvan kanalında suyun səviyyəsi normadan aşağıdır.

Nə düşünürsən?