Jurnalistlər məhkəmə zalından birbaşa məlumat alacaq - Ədliyyə Nazirliyindən yenilik

  • 11.12.2019
  • 0

“Məhkəmələrdə KİV-lə işləmək üçün xüsusi hakimlər təyin edilib. Burada əsas məqsəd KİV-lərlə birgə işləməyə xüsusi diqqət yetirməkdir”. 


Oxu24.com -un  məlumatına görə, bunu Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.


Onun sözlərinə görə, KİV-də azyaşlılara qarşı zorakılıqla bağlı məhkəmə işləri barədə sensasiya xarakterli yazıların yer alması yolverilməzdir.  Bu, gələcək nəsillərə mənfi təsir edir. Məhkəmələrdə KİV-lə işləyən hakimlərin təyin edilməsi bu prosesin qarşısını ala bilər.


Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov isə deyib ki, bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb. 2 hakimin səlahiyyətlərinə xitam verilib, 6 hakim isə işdən azad olunub: “Çoxsaylı qayda pozuntuları müəyyən olunub, 14 məhkəmə sədri daxil, 100-dən artıq hakimə irad məktubu göndərilib. Bu qayda pozuntuları daha çox məhkəmələrdə vətəndaşlara qarşı olan süründürməçilik, işlərin apellyasiyaya göndərilməməsi, qəbul edilmiş qərarların icraata göndərilməməsi və başqaları daxildir”.


Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov isə bildirib ki, il ərzində məhkəmələr 270-280 min mülki işə baxır. İl olub ki, baxılan işlərin sayı yarım milyon olub: “Baxılan mülki işlərin 85 faizindən t tərəflər şikayət vermir. Yalnız baxılan işlərdən 16 faizindən apellyasiya şikayəti verilir. İşlərin 3-4 faizindən kassasiya şikayəti verilir. Kassasiya mərhələsində bu işlərin 1 faizə qədəri barədə aşağı instansiya məhkəməsinin qərarları dəyişdirilir. Aşağı məhkəmələrin qəbul etdiyi qərarların 90 faizi dəyişmir”.


Qeyd edək ki, Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib. 

Nə düşünürsən?