Azərbaycan və Rusiya DİN-ləri 69 nəfəri saxladı

  • 28.11.2019
  • 0

Azərbaycan və Rusiyanın sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. 


DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, tədbirlər Azərbaycan və Rusiyanın daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən cari il noyabrın 18-dən 23-dək baş tutub.


Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.  


Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş 69 nəfər, o cümlədən müxtəlif cinayətlər törətdiklərinə görə 25 şəxs (onlardan 22-si RF üzrə), dövlətə borclu qismində axtarılan 44 nəfər saxlanılıb, həmçinin itkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib.


Qanunsuz saxlanılan ümumilikdə 117 silah, o cümlədən 9 avtomat silahı, 2 qumbaraatan, 8 tapança, 98 tüfəng, 44 qumbara, 35 ədəd silah sandıqçası, 18 ədəd səs qumbarası, şaşka və bıçaq, 9 ədəd bıçaq və beşbarmaq, 10 minə yaxın müxtəlif çaplı patron götürülüb.

Nə düşünürsən?