“Sizdən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir”

  • 23.11.2019
  • 0

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib.

"Qafqazinfo"nun məlumatına görə, Rusiya dövləti başçısının Novo-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı salamlayan Prezident Vladimir Putin deyib:

-Hörmətli Mehriban Arif qızı.

İcazə verin, Sizi Moskvada indiyə qədər olmadığınız qisimdə - Birinci vitse-prezident kimi salamlayım. Mən bilirəm ki, Sizin səfərinizin çox böyük, zəngin proqramı var. Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Anatolyeviç Medvedev Sizinlə görüşü barədə mənə artıq məruzə edib. Bilirəm ki, orada danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq.

Azərbaycan Prezidenti ilə mənim çox etimada əsaslanan mehriban münasibətlərim formalaşıb. Bilirəm ki, sabah Siz Valentina İvanovna ilə birlikdə X Regionlararası Forumu da açacaqsınız. Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın olduqca mühüm istiqamətidir. Ona görə ki, bizim qarşılıqlı fəaliyyətimizin xeyli hissəsi məhz regionlar səviyyəsində həyata keçirilir. Bizim təklifimizi qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə görə Sizə təşəkkür etmək istəyirəm.

Nə düşünürsən?