Sumqayıtda yubiley paradı keçirildi

  • 19.11.2019
  • 0

“Bir vaxt “Gənclər şəhəri” adlandırırdılar. Çünki bu şəhərin ilk özülünü, daşını qoyanlar məhz gənclər idi. Sonra bu şəhərə müxtəlif adlar da verdilər. Sənaye, kimyaçılar, inşaatçılar şəhəri. İndi isə bu şəhər yenilikçi - novator statusunu qazanıb. Söhbət Sumqayıtdan gedir”.


Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. 1949-cu il noyabrın 22-də isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.


Bu məqsədlə noyabrın 19-da Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə tədbir keçirilib.


APA TV-nin məlumatına görə, rəsmilər, millət vəkilləri, xarici ölkə səfirliklərinin, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, minlərlə sakin yubiley tədbirinə qatılıb. 


Mərasimə Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında - Azərbaycan prospektində start verilib. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi orkestrinin müşayiəti ilə hərbçilərin iştirakı ilə möhtəşəm parad təşkil edilib. Paradda DSX-nin arsenalındakı müasir silahlar nümayiş olunub. Həmçinin şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri, idarə və təşkilatların kollektivləri bayram əhval-ruhiyyəsi ilə keçid edib. 


Yubiley tədbiri xarici qonaqların marağına səbəb olub: “İlk dəfə Sumqayıta 38 yaşında gəlmişdim. Bu gün mənim 76 yaşım var. Mən artıq sayını itirmişəm ki, neçə dəfələrlə Sumqayıta səfərlər etmişəm. Amma həmişə Sumqayıtla dostluq əlaqələrinin qurulmasında yaxından iştirak etmişəm. Və bu gün də bu sevinci yaşayıram”.


“Sumqayıt şəhərinin Kimya sənaye parkında olduq. Orada fəaliyyət göstərən bir neçə müəssisələrlə tanış olduq. Və biz öz gözlərimizlə bu illər ərzində Sumqayıtın inkişafının şahidiyik. Və biz Sumqayıtı bununla bağlı təbrik edirik”. 


Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin fevral ayında Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Nə düşünürsən?