Ekvadorda üç neft yatağı aksiyaçılar tərəfindən ələ keçirilib

  • 08.10.2019
  • 0

Ekvadorda ölkəni bürüyən etiraz dalğası və iğtişaşlar şəraitində üç neft yatağı ələ keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Enerji və Bərpa Olunmayan Qaynaqlar Nazirliyinin nümayəndəsi “Petroamazonas” dövlət şirkətinin rəhbərliyinə istinad edərək xəbər yayıb.


Bildirilir ki, tutulan obyektlər Orellana və Sukumbios əyalətlərində yerləşir..


"“Petroamazonas” 3 neft yatağında işlər obyektlərin naməlum şəxslər tərəfindən tutulması səbəbindən dayandırılıb", - deyə nazirlikdən bildirilib.


Ötən həftə Ekvador Prezidenti Lenin Moreno oktyabrın 3-dən etibarən dizel yanacağı və benzinə subsidiyaların ləğv olunması barədə fərman imzalayıb. Bundan sonra yanacağın qiyməti 120 faizdən çox bahalaşıb. Həmkarlar ittifaqlarının nümayəndələri qərara qarşı çıxdıqlarını və etiraz aksiyalarına başlayacaqlarını bildiriblər.


Oktyabrın 3-də nəqliyyat işçiləri bütün ölkə ərazisində müddətsiz tətil elan edib. Bundan başqa, etirazçılar iri avtomobil yollarını bağlayıb. Bəzi şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Ekvador Prezidenti yaranmış vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.


Ekvadorda hökumətin iqtisadi tədbirlərinin səbəb olduğu etirazların gedişində saxlanılanların sayı 477 nəfərə çatıb. Saxlanılan şəxslərin hamısı vandalizm aktlarının törədilməsində, o cümlədən təcili tibbi yardım və polis maşınlarına hücumlarda şübhəli bilinirlər.

Nə düşünürsən?