"Azərbaycanla-Rusiya strateji müttəfiqdir"

  • 06.10.2019
  • 0

Prezident İlham Əliyevin Soçidə Valday Diskussiya Klubunun iclasındakı çıxışı Azərbaycanın şimal qonşusu ilə münasibətlərinin nə qədər yaxın olduğunu bir daha ortaya qoymuş oldu. Dövlət başçısı Dağlıq Qarabağla kəskin mövqeyini də ortaya qoyaraq Azərbaycanın bu məsələdə heç bir güzəştə getməyəcəyini, eyni zamanda müharibə variantına isə hər zaman hazır olduğunu dünya ictimaiyyətinə bəyan etdi.


Prezident İlham Əliyevin Soçidə "Valday" Diskussiya Klubunun iclasında çıxışı Azərbaycan-Rusiya əlaqələrinin nə qədər yaxın, eyni zamanda bir-birinə hörmət prinsipi üzərində qurulduğunun bariz nümunəsi oldu.


Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə dövlət başçısının dünya liderləri qarşısındakı çıxışında Azərbaycanla-Rusiya arasında hərbi-texniki əməkdaşlığın davam edəcəyi anonsunu verməsi təsadüfi deyildi. Bu həm status-kvonu qoruyub saxlamaq üçün hər cür varianta əl atan Ermənistan rəhbərliyinə, həm də onun havadarlarına açıq mesaj idi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müharibə variantını heç vaxt istisna kimi görmür və buna hər an hazırdır.


Prezident İlham Əliyev çıxışında təkcə Azərbaycanın maraqları deyil, eləcə də Rusiya ilə ortaq maraqlarından da danışaraq Şimal-Cənub nəqliyyat dəhlizinin önəmini bu ölkənin hakim dairələrinin, eləcə də iri biznes subyektlərinin diqqətinə çatdırdı. Ötən il bu istiqamətdə daşınan yüklərin həcminin 8 dəfə artmasını vurğulayan dövlət başçısı ortaq tarif siyasəti ilə gələcəkdə daha irihəcmli yüklərin daşınmasının real olduğunu bildirdi. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir.Azərbaycan Rusiyada 1,2 milyard dollar,Rusiya Azərbayacanda 4,6 milyard dollar həcmində sərmayə qoyub.


Dünyanın çoxsaylı liderlərinin iclasda iştirakını məharətlə qiymətləndirən İlham Əliyev nitqində Dağlıq Qarabağ münaqişəsinin tarixi keçmişinə də toxunaraq faktlarla erməni yalanlarının üzərindən xətt çəkdi.


Dövlət başçısının çıxışının pik nöqtəsi isə Qarabağ Azərbaycandır və nida işarəsi cümləsi oldu. Prezident İlham Əliyev nitqində bu cümləni işlətməklə həm Ermənistan rəhbərliyinə, həm də onlara dəstək olan və elə həmin iclasda iştirak edən qüvvələrə Dağlıq Qarabağ məsələsində rəsmi Bakının heç bir güzəştə getməyəcəyi mesajını verdi. Bununla da Azərbaycanın bu məsələdə fikrinin dəyişməz və sabit qaldığını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu.

Nə düşünürsən?