Prezident İlham Əliyev siyahıyaalınmada iştirak edib

  • 02.10.2019
  • 0

Oktyabrın1-də Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək, siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb.


APA TV-nin məlumatına görə, ölkəmizdə keçirilən növbəti siyahıyaalınma barədə Prezident İlham Əliyevə məlumat verən Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov ilk dəfə olaraq siyahıyaalınmaya sosial statusla bağlı məsələlərin daxil edildiyini bildirib. O, siyahıyaalınmada Strateji Yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı sualların da nəzərə alındığını diqqətə çatdırıb.


Prezident İlham Əliyev deyib ki, siyahıyaalınma hər bir ölkə üçün çox önəmli tədbirdir: “Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir. Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda qarşımıza yeni çağırışlar çıxır. 


Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun”.


DSK-in əməkdaşı Zəbihə Əsgər dedi: “Siyahıyaalmanın iki əsas sənədi var ki, bunlardan biri siyahıyaalma vərəqi, digəri isə sorğu vərəqidir. Siyahıyaalma vərəqinin doldurulmasının məqsədi ev təsərrüfatları haqqında məlumat əldə etməkdir”.


Sonra Prezident İlham Əliyev siyahıyaalma və sorğu vərəqələrində nəzərdə tutulan sualları cavablandırıb.

Nə düşünürsən?