Azərbaycanda məşğul şəxslərin informasiya bazası yaradılır

  • 24.09.2019
  • 0

Azərbaycanda məşğul şəxslərlə bağlı reyestr yaradılır.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti 19 sentyabr 2019-cu il tarixli qərarı ilə "Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası"nı təsdiq edib.

Qaydaya əsasən, ölkədəki bütün məşğul şəxslərin vahid informasiya bazası yaradılır. Məqsəd əmək bazarındakı mövcud vəziyyəti öyrənmək, eləcə də məşğulluqla bağlı tədbirlərin daha rahat yerinə yetirilməsini təmin etməkdir. İşlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistik şöbəsinin müdiri İsa Həsənovun sözlərinə görə, kənd təsərrüfatına yararlı torpaq payı olanlar, eləcə də ailə kəndli təsərrüfatının üzvləri də bu reyestrə daxil ediləcəklər. Həmçinin, xüsusi ali və orta ixtisas təhsil müəssisələri istisna olmaqla, bütün ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar da bu reyestrə daxil ediləcək.

Bütün məlumatlar bazaya yerləşdirildikdən sonra sistem fəaliyyətə başlayacaq.

Nə düşünürsən?