Neft milyonçusunun tikdirdiyi, şairin yaşadığı ünvan - Reportaj

  • 12.09.2019
  • 0

Paytaxt ərazisində təbiət qoynunda istirahət etmək üçün insanların üz tutduğu yerlərdən biri də “Mərdəkan Dendrarisi”dir. Son zamanlar bu bağ şəhər sakinlərinin mədəni istirahət guşəsinə çevrilib. Biz də dendrari ilə tanış olmaq məqsədilə sözügedən ünvana üz tutduq: “Mərdəkan Dendrarisində hazırda 2800 növ bitki var. Dendrariyə dünyanın müxtəlif ölkə və qitələrindən bitkilər gətirilib”.

Bağa daxil olar-olmaz ərazidəki təmizliyə diqqət etdik. Gördüyümüz ürəkaçan olmayan mənzərə bizə bu gözəl məkandan zövq almağa imkan vermədi. Böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağında hovuzların çirkli olması, bataqlığı xatırlatması, eyni zamanda yerə atılan zibillər, Azərbaycan xəritəsinin maketinin paslanmış formada qalması, bu qəbildən başqa çatışmazlıqlar bizdə təəssüf hissi doğurdu. “Təbiətə hörmətsizlik - vətənə, torpağa hörmətsizlikdir” sözləri burda sanki elə söz xətrinə yazılıb. 

Sonra yolumuzu məşhur bağın sahibi Murtuza Muxtarovun ev muzeyinə baş çəkdik. Milyonçu Murtuza Muxtarov tərəfindən şəxsi bağ kimi salınan, sonralar dahi rus şairi Yeseninin də qonaq qaldığı evdə “Qorxma mən səninləyəm”, “Başsız atlı”, “Arşın mal alan”, “Dərviş Parisi partladır” kimi filmlər çəkilmişdir.  

Milli Elmlər Akademiyasının müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru  Tofiq Məmmədov yerə  atılan zibillərlə bağlı  cərimələrin tətbiq olunduğunu, lakin bunun qarşısının alınmasının çətin olduğunu bildirdi: “Yerə atılan zibillərlə bağlı biz cərimələr tətbiq etmişik. Lakin o qədər böyük səhlənkarlığa yol verən insanlarımız var ki, qarşısını almaq çətindir. Bunun üçün maarifləndirmə işləri aparılır və bir çox yerlərdə braşürlər vurulub ki, bağa zibil atmasınlar, siqaret çəkilməsin. İnsanlara da izah etməyə çalışırıq ki, bu, təbiət abidəsi olduğuna görə, buranı səliqəli saxlasınlar. Lakin hələ də istədiyimizə nail ola bilməmişik. Bizdə burda nəzarətçilər var. Əgər insanları yerə zibil atan yerdə tutarlarsa, onları 20-30 AZN məbləğində cərimə etsnirlər. Lakin insanların maliyyə imkanları buna imkan vermədiyinə görə, bəzən cəriməni ödəməkdən imtina edirlər. Lakin biz bunu sakitliklə yola veririk”. 

Tofiq Məmmədov  bağın təmizliyi üçün bağda 40-a yaxın sahələrə xidmət edənlərin və 4 təmizlik işçisinin çalışdığını bildirdi:

“Əlbəttə, bağın təmizliyi üçün İnstitutun bağında 40-a yaxın sahələrə xidmət edənlər, 4 təmizlik işçisi çalışır. Gün ərzində xüsusi nəzarətdə saxlanılır.  Hətta mənim özüm hər gün saat  5-6 radələrində işə getməmişdən qabaq bağa nəzarət edirəm. Əgər hansısa bir çatışmazlıq varsa, aradan qaldırmağa çalışırıq”.

Tofiq Məmmədov bağda insanların piknik etməsinə qadağa qoyulduğunu və dünyanın heç yerində təbiət abidələri olan ərazilərdə iaşə müəssisələrinə icazə verilmədiyini qeyd etdi: “Səyahətçilər üçün 1 saat 20 dəqiqəlik səyahətlər təmin edilir və tarixi abidələr haqqında məlumat verilir. Onların xoş istirahətləri üçün institutun ərazisində çayxana fəaliyyət göstərir. Lakin Dendrologiya İnstitutuna yemək gətirilməsi qadağandır. Piknik edilməsinə bir növü biz qadağa etmişik. Ona görə, təbiət abidələri olan ərazilərdə belə iaşə müəssisələrinin olmasına dünyanın heç yerində icazə yoxdur”.

İnstitutun direktoru, 9 yaşına qədər olan uşaqlar üçün qiymətin 1 manat, müharibə iştirakçılarına və 1, 2 və 3-cü qrup kateqoriyasında olan əlillər üçün girişin pulsuz olduğunu bildirdi. 

İnstitutun “Ağac-kol bitkilərinin intraduksiyası və iqlimləşdirilməsi labaratoriyası”nın müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zemfira Abbasova son dövrdə qarşıda duran əsas vəzifələrdən birinin floramızı yeni bitkilərlə zənginləşdirmək olduğunu və bu məqsədlə dünyanın bir çox ölkələrindən yeni növ bitkilərin toxumları mübadilə yolu ilə alınaraq gətirildiyini bildirdi: “Təcrübə sahələrində həmin bitkilər üzərində tədqiqatlar aparılır. Əsas məqsəd yeni növlərin Abşeronun torpaq iqlim şəraitinə uyğunlaşdırılması, bioloji xüsusiyyətlərin hərtərəfli öyrənilməsi və çoxaldılması, yerli şəraitə uyğunlaşan bitkilərin yaşıllaşdırmaya tətbiqidir. 

Nə düşünürsən?