Diqəmlə Şahmazın əsirliyinə şahidlik edən "türmə" - Şuşa həbsxanasının salınmasının sirli tarixçəsi

09.09.2019 | 257 | 0

"Şuşa türməsindən 150 nəfər, bizi eylədilər Sibirə səfər"... yəqin bu sözləri bir çoxlarınız eşitmisiniz. Bu Şuşa türməsi haqqında məşhur meyxanadan bir misradır.

Haqqında mahnı da yazılmış bir türmə -Şuşa türməsi yerləşdiyi əraziyə görə digərlərindən fərqlənir. Sıldırım qayaların arasında tikilmiş türmə məhbuslar qaça bilməsin deyə belə bir çətin ərazidə salınmışdı.

Oxu24.com tarixə düşmüş türmə haqqında maraqlı məlumatı təqdim edir:

Xan qızı Natəvanın 1848-ci ildə tikdirdiyi Şuşa həbsxanası hələ Rusiya İmperiyası zamanında, elə sonradan sovet hakimiyyəti dövründə də ən dəhşətli məhbəslərdən hesab olunurdu. 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulan həbsxanada ermənilərin rəhbərlik etdiyi dövrlərdə məhkumlar üçün ağlagəlməz işgəncə metodları düşünülmüşdü. Məsələn, divarda xüsusi hazırlanan tabut formalı dəmir siyirmələr var imiş. Məhkumun əl-qolunu bağlayıb qutuya uzadır, divarın içinə itələyirmişlər. İnsan eyni ilə məzar kimi – soyuq, dar, qaranlıq, havasız məkanda saatlarla qalmalı olurmuş. Üstəlik, üstündən sağa-sola keçən, məhkumu didişdirən ac siçanlar...

Ermənilər Şuşanı işğal etdikdən sonra 1995-ci ildən başlayaraq, həbsxananı islah-əmək düşərgəsinə çevirəcəkdilər, amma hələ ki, hər daş-divarına insan əzabı həkk olunan binada 500-dən çox azərbaycanlı əsir və girovları saxlayırdılar...

21 yaşlı Qoşqar həbsxananın nəzdindəki çarpayı sexində çalışırdı...

Kəlbəcərin Günəşli kənd sakini Qoşqar Quliyev Şuşa türməsində başına gələnlərdən danışarkən dəhşətli faktları açıqlayıb.

- Elə aparanda dedilər ki, “türməyə gedirsiniz, sizi işlətməyə aparırıq”. Gəldik Şuşa həbsxanasına... Sıldırım dağın başında çox qədim, ikimərtəbəli tikili idi. Elə yer idi ki, oradan nəinki qaçmaq, heç bunu arzulamaq da mümkün deyildi...

- Bir də həyəti var idi...

- Hamımızı o həyətə çıxardıb döyürdülər... Həbsxananın içində 6-7 kv.metrlik kamera kimi bir yer var idi, çarpayı sexi idi. Tezdən bizi ora salıb, arxadan qapını bağlayırdılar... Beş nəfər axşama kimi hərbçilər üçün 25 çarpayı hazırlamalı idik. Bu asan idi, 25 çarpayını iki sata quraşdırırdıq. Amma onun hissələrini hazırlamaq çox çətin idi. Üstəlik, Xankəndindəki çarpayı sexləri üçün əlavə də 50 min qarmaq əyib düzəltməli idik. Hər gün maşın gəlib aparırdı... Bu çox çətin idi... Hamı yaralı, taqətsiz... Birimiz çarpayının torunu toxuyur, o biri qarmaqları əyir, digərləri yan dəmirləri hazırlayır, qaynaq edirdilər...

- Siz nə iş görürdünüz?

- Mən məftilləri doğrayırdım, o biri uşaqlar isə onu əyib, qarmaq düzəldirdilər.

- Səhhətiniz buna imkan verirdi? Axı barmaqlarınız sağalmamışdı...

- Barmağımı qəlpə aparmışdı... Xəstəxanada Edik qışqırda-qışqırda üç barmağımı kəsdi. Keyitmədən, eləcə... qayçı ilə kəsib, atdı bir kənara... İşləyəndə də hələ sağalmamışdı. Amma heç bununla maraqlanan yox idi, elə ayağım da yaralı idi hələ... O halda da işləyirdim. Dəmiri əyənlərin işi nisbətən asan idi, oturub işləyirdilər. Mənim işim isə çətin idi, çünki ayaq üstündə məftil doğrayırdım. Ayaq da yaralı, barmaqlar da... Sağ əlimlə baltanı vurur, “motok”u çəkir, ölçünü müəyyən edir, dəzgaha yaxınlaşanda isə salamat barmaqlarımın köməyi ilə vurub əyir, kəsirdim.

Eyni hərəkəti səhərdən gecəyə qədər 50 min dəfə edirdim. Onun da heç olmasa 5 mini məftilin çürük yerinə düşənlər olurdu, zay çıxırdı... Yenidən edirdim... Yəni günə 50 min məftil kəsməli idim ki, planı verəm. Gecə gəlib çəkirdilər. Çəkisindən də bilirdilər ki, neçə kiloda nə qədər məftil var. Çəki düz gəlsə, buraxırdılar, gedib yatırdım...

- Düz gəlməyəndə, normanı ödəməyəndə necə?

- Cəza ağır idi...

Gözlərinin dolduğunu gizlətmək üçün baxışlarını divarda gəzdirir. Əlləri süfrənin üstündə dolaşır... Barmaqlarının yaddaşı işə düşür. Sanki yenə erməni hərbçiləri üçün çarpayı hazırlayırmış kimi, nəyisə əzir, kəsir, doğrayırmış kimi hərəkətlər edir... Söhbətə davam etməyə çalışır...

- İşə səhər saat 6-dan başlayır, gecə 2-də qurtarırdıq. Tələb olunan qədər iş görə bilməmisənsə, onda gecəni də yatmır, işləyirdin. Həmişə çalışırdım normanı çatdıram ki, gedib yata bilim... Yaralı ayağımla, barmaqlarımla dayanmadan işləyirdim... Bu şəraitdə, belə ağır işdə ac və yuxusuz işləmək məşəqqət idi...

- Yeməyiniz necə idi?

- Yaxşı işləmək üçün yaxşı da qidalanmalısan. Bizim yeməyimiz isə adambaşına bir dilim quru çörək idi. Səhər birini, günorta birini, axşam birini verirdilər... Bir də bir stəkan çay...

Azərbaycanlı girovlar Dilqəm və Şahbaz da məhz bu vahiməli həbsxanada saxlanılır.

Şuşa türməsinin vahimçəli video görüntüsünü təqdim edirik:

Nə düşünürsən?