Sərxoş və narkotik maddə qəbul edən sürücülərin cərimələri fərqli olmalıdır

  • 07.09.2019
  • 0

Son illər narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərə tez-tez rast gəlinir.

Xezerxeber.az-ın məlumatına görə, bunu reyd zamanı aşkar edilən sürücülər deməyə əsas verir. Həm paytaxt, həm də bölgələrdə yol polisi əməkdaşları gecə keçirilən reydlər zamanı narkotik maddənin təsiri altında avtomobil idarə edən bir neçə sürücünü saxlayıblar.

Saxlanılan sürücü narkotik maddə qəbul edərək, öz şəxsi minik maşını ilə hər gün Astaradan-Bakıya sərnişin daşıyır. Polis onu da saxlayaraq məsuluyyətə cəlb edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, ilin əvvəlindən bu günə qədər tək paytaxtda alkaqol, narkotik vasitələr, psixotrop maddələr və güclü təsir göstərən digər həblərdən istifadə edən xeyli sayda sürücü aşkar edilib və qanunla barələrində tədbir görülüb.

Qanunvericiliyə görə, Narkoloji dispanserdə qeydiyyatda olan şəxslərə sürücülük vəsiqəsi verilmir. Lakin narkotikdən istifadə edən sürücülərin fəaliyyəti onu göstərir ki, bu tip insanların hamısı heç də qeydiyyata düşmürlər.

Qeyd edək ki, spirtli içki ilə müqayisədə narkotik maddə qəbul edən şəxs onun aludəçisinə çevrilir. Yəni bu o deməkdir ki, onu hər gün qəbul edir. Bu isə yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yaradır. Ən acınacaqlısı isə odur ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimə, sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eynidir. İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edən sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırıla bilərlər.

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, narkotik vasitədən istifadə edərək, avtomobil idarə edən sürücülərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Onun fikrincə, alkoqollu içkilərdən istifadə edərək avtomobil idarə edən sürücülərlə narkotik maddələrdən istifadə edən sürücülərə tətbiq edilən cəzalar fərqli olmalıdır.

Millət Vəkili Çingiz Qənizadə isə ''Xəzər Xəbər''ə bildirdi ki, gələcəkdə komitə iclasında bu məsələ müzakirə olunaraq, sərxoş və narkotik maddə qəbul edən sürücülərin cərimələrinin ayrı olması barədə qərar qəbul edilə bilər.

Nə düşünürsən?