Dilənçiyə pul vermək istədi, qatarla toqquşdu

  • 04.09.2019
  • 0

Sabirabadda yük avtomobili qatarla toqquşub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə sentyabrın 4-də, saat 8:00 radələrində Şirvan-İmişli dəmir yolu xətti ilə Şirvan-Sabirabad magistralının kəsişdiyi keçiddə - Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.


İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizarın idarə etdiyi, yükü püstə olan yük avtomobili qorunmayan keçiddə qatarın qarşısına çıxıb. Nəticədə qatarla toqquşan yük avtomobilinə ciddi ziyan dəyib. Avtomobildə olan 30-40 ton püstənin bir hissəsi dəmir yoluna dağılıb. 


Hadisə şahidlərindən birinin dediyinə görə, yolun kənarında dayanan dilənçi qadına pul vermək istəyən və qatarın gəldiyini görməyən sürücü yük avtomobilini dəmir yolu keçidinin üstündə saxlayıb. Bu zaman Şirvan şəhəri istiqamətində hərəkətdə olan qatar avtomobili vuraraq 15 metr sürüyüb. Qəzanın fəsadlarının aradan qaldırılması zamanı Bakı-Astara, Şirvan-İmişli istiqamətlərində qatarların hərəkəti məhdudlaşdırılıb. Qəza zamanı xəsarət alan olmayıb. 


Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?