Şeyxin Ərəbistan səfəri - Reportaj

  • 03.09.2019
  • 0

Hacı Allahşükür Paşazadə Kral və digər rəsmilərlə görüşlər keçirib

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi Azərbaycan nüməyəndə heyəti Səudiyyə Ərəbistanında səfərdə olub.


Səfər zamanı Bütün Qafqazın Şeyxi Səudiyyə Ərəbistanın "Böyük Alimlər Şurası"nın üzvü şeyx Səd Nasir əş-Şisri, İslam Aləmi Liqası təşkilatının Baş Katibi Məhəmməd bin Əbdülkərim əl İsa, Baş katibin müavini Dr.Əbdül-Rəhman Əl-Zaid, Həcc və ümrə nazirinin müavini Dr. Abdul Fattah Mashat və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşlər keçirib.


Göstərilən iltifata görə Kral Salman bin Əbdüləziz Əl Səuda təşəkürünü bildirən Şeyxülislam ona Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb.


Hacı Allahşükür Paşazadə Kral Salman bin Əbdüləzizin Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyinin Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb.


Rəsmi görüşlərdən əlavə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə muzeydə də oldu.


Məkkə şəhərində ziyarət olunan muzeydə müsəlman dünyası üçün müqəddəs sayılan tarixi əşyalar qorunmaqdadır. Bütün Qafqazın Şeyxi muzeyi ziyarətindən sonra məhşur Astrofizika rəsədxanasında Ayı, ulduzları, planetləri öyrənən son model cihazlarla və Astrofizika muzeyi ilə də tanış oldu.


Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Məkkə şəhərində yerləşən Kəbə evinin örtüyünün hazırlandığı sexədə baş çəkib. Bu, Şeyxə olan hörmətin daha bir zirvəsidir, olduqca mötəbər bir addımdır.


Çünki, ilk belə hadisədir ki, Azərbaycandan bu sexə Bütün Qafqazın Şeyxi şəxs olaraq dəvət edilir. Məlum məsələdir ki, Kəbə evinin örtüyünün hazırlandığı məkana hər kəs buraxılmır, bura yalnız xüsusi adamlar daxil ola bilər.


Bu Bütün Qafqazın Şeyxinə, Azərbaycan dövlətinə, xalqına xüsusi hörmət və ehtiramın göstəricisidir ki, Səudiyyə Ərəbistanı dövləti bu addımı atıb.


Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Müqəddəs Kəbənin ilmələr vurduğu yeni örtüyü 2020-ci Həcc Ziyarəti zamanı Kəbənin üzərində olacaq.


Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanında keçirdiyi görüşləri, ziyarət etdiyi yerləri Səudiyyə Ərəbistanının dövlət və digər mötəbər KİV-ləri , Azərbaycandan isə REAL TV işıqlandırıb.

Nə düşünürsən?