AFFA-nın yeni “Elit məşq” layihəsi

  • 24.08.2019
  • 0

AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət futbol üzrə Azərbaycan milli komandalarının koordinatoru Miloş Velebit tərəfindən “Elit Məşq” layihəsinin təqdimatı olub.
Serbiyalı mütəxəssis "Elit Məşq"in ən vacib layihələrdən biri olacağını söyləyib. Velebitin sözlərinə görə, layihə ölkənin 10 regionunda 2005-2008 təvəllüdlü uşaqlar arasında 16 nöqtədə tətbiq olunacaq. Prosesə 26 məşqçi cəlb ediləcək.
AFFA tərəfindən məşqçilərə nəzarət edəcək 8 mütəxəssis ayrılacaq.
Artıq 6 aydır ki, proqramdakı bəndlərə uyğun olaraq 16 və 17 yaşlı futbolçularla iş görülür. Məşqlər həftədə 2 dəfə nəzərdə tutulub. Bir mərhələ 4 ayı əhatə edəcək.
"Bu layihə üzərində böyük məsuliyyətimiz var. Gələcəkdə nəticə qazanmaq üçün indidən sistemimizin necə işləyəcəyini düşünməliyik. Biz planlarımızı istədiyimiz kimi həyata keçirə bilsək, müsbət nəticələr əldə edəcəyik. Klublarla da əlaqələrimizi elə quracağıq ki, onlar da bundan yararlansınlar. Biz futbolçuları yalnız 10-15 günlük toplanışlarda görürük. Qalan vaxt klublarda olurlar. Məqsədimiz U-21 və əsas milli komanda üçün futbolçu yetişdirməkdir. Əlbəttə, səbrli olmalıyıq, vaxt lazımdır. Sistem işləsə, gələcəkdə bunun bəhrəsini görəcəyik".
Miloş Velebit bu proqramın artıq Serbiya Futbol Federasiyasında tətbiq edildiyini də vurğulayıb. Ölkəsində layihəyə 2006-cı ildə start verildiyini deyən mütəxəssis, bunun sayəsində formalaşan U-19 millisinin 2013-cü ildə Avropa, 2 il sonra isə U-21-in dünya çempionu olduğunu bildirib. Həmin kollektivin əksəriyyəti hazırda Serbiyanın əsas komandasını təşkil edir. Velebit buna misal olaraq “Real” Madriddə çıxış edən Luka Yoviç və “Latsio”da oynayan Sergey Milinkoviç-Saviç kimi futbolçuların da adını çəkib.

Nə düşünürsən?