Oğlunu, keçmiş arvadını və qaynanasını diri-diri yandırdı

  • 19.08.2019
  • 0

Şəmkirdə sərxoş şəxsin törətdiyi yanğın faciəyə səbəb olub. 

APA TV-nin qərb bürosunun məlumatına görə, gecə saatlarında benzin tökərək keçmiş qayınatasının evini yandıran şəxs ayrıldığı həyat yoldaşının və onun anasının ciddi yanıq xəsarətləri almasına, 2 yaşlı oğlunun isə ölməsinə səbəb olub.

23 yaşlı Şəmkir rayon sakini Elmar Sadıqov səhər saat 5 radələrində keçmiş qayınatası İlqar Məsimovun evinə gəlib. O, 3 ay əvvəl ayrıldığı 24 yaşlı həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə  özü ilə gətirdiyi benzini onun və qaynanası - 54 yaşlı Səltənət Məmmədovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb. Yuxuda olan ana və qızı ciddi yanıq xəsarətləri alıb. Elmar Sadıqovun 2 yaşlı oğlu Nicat Sadıqov isə yanaraq ölüb. 

Yanğın nəticəsində ağır xəsarətlər alan Mətanət Məsimova və anası Səltənət Məmmədova əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ancaq vəziyyətlərinin ciddi olduğu nəzərə alınaraq onlar Bakı şəhər 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər. Həkimlərin sözlərinə görə, Səltənət Məmmədovanın bədəninin 50 faizi, Mətanət Məsimovanın bədəninin 70 faizi yanıb. 

Tibbi müdaxiləyə baxmayaraq 24 yaşlı Mətanət Məsimova səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb. Hadisədən cəmi 8 saat sonra Elman Sadıqov tutularaq istintaqa cəlb olunub. 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda müvafiq maddələri ilə cinayət işi başlanıb. O, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

Nə düşünürsən?