Lənkəranlı yeniyetmə dünya üçüncüsü oldu

  • 17.08.2019
  • 0

Özbəkistanın Daşkənd şəhərində yeniyetmələr arasında keçirilən taekvondo üzrə dünya birinciliyində millimizin 11 üzvü 10 çəki dərəcəsində mübarizə aparıb. APA TV-nin cənub bürosunun məlumatına görə, 7 oğlan və 4 qız taekvondoçu ilə yarışa yollanan millimiz vətənə 1 medalla dönüb. 

53 kq çəki dərəcəsində qüvvəsini sınayan Nizami Hacıyev bürünc medal qazanıb. Lənkəranlı idmançı yarımfinaladək Honkonq, Qazaxıstan və Misir taekvondoçularını mübarizədən kənarlaşdırıb. Lakin finala gedən yolda idmançımız bolqarıstanlı rəqibinə məğlub olub: “Dünya çempionatında iştirak etmək mənim üçün çox çətin idi. Dünya üçüncüsü olduğum üçün çox sevincliyəm. Bunun üçün də müəllimlərimə  təşəkkürümü bildirirəm”.

Nizaminin məşqçisi deyir ki, tələbəsinin dünya çempionatlarında milli yığmanın tərkibində iştirakı hər bir məşqçinin arzusudur. Belə irimiqyaslı turnirlərdən medalla qayıtması isə ayrı bir qürur mənbəyidir: “Mənim üçün ən sevincli, qürurverici hisslərdən biri də odur ki, milli komandanın tərkibində yalnız Nizaminin medal gətirməyi və bizim cənub zonasından, regiondan olmağı çox sevindiricidir. Digər idmançılara da növbəti yarışlarda uğurlar arzulayıram”.

Qarşıda taekvondoçularımızı İspaniyada təşkil olunacaq Avropa çempionatı gözləyir. Lənkəranlı idmançılar - Yusif Abbasəlizadə və Fərid Əliyev də oktyabr ayında keçiriləcək turnirdə iştirak etməyə hazırlaşır. 

Nə düşünürsən?