Tural Gəncəliyev: “Paşinyanın bəyanatı sübut etdi ki...”

  • 07.08.2019
  • 0

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları" ilə bağlı jurnalistlərə açıqlama verib. 


APA TV-nin məlumatına görə, icma sədri bildirib ki, həmin oyunların işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlik aparıldıqdan sonra keçirilməsi qəbuledilməzdir: “5 avqust tarixində Ermənistan və işğalçı rejim tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində "Pan-Ermənistan oyunları" təşkil olunmuş və həmin oyunlarda Nikol Paşinyan çıxış etmiş, ölkəmizə qarşı açıq təcavüz, işğalçı siyasəti yürütdüyünü ortaya qoymuş, çəkinmədən Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi bəyan etmişdir. Biz də bəyanat verərək, Paşinyanın bu fikrini tamamilə pisləyir və hesab edirik ki, bu, Ermənistanın həyata keçirdiyi işğalçı təcavüz siyasətinin açıq bariz nümunəsidir. Baş nazir də bunu bəyanatında vurğulamaqla çəkinmədən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlar qarşısında meydan oxuyaraq, Azərbaycanın ərazi bütövlüyünə qəsd etdiklərini açıq şəkildə bildirdi”.

 

İcmanın oyunlarla bağlı bəyanatının artıq beynəlxalq təşkilatlara göndərildiyini bildirən T. Gəncəliyev onlar tərəfindən icmalararası dialoq və təmasların qurulması üçün çoxlu çağırışların olunduğunu deyib: “Biz beynəlxalq təşkilatlar və səfirliklərlə görüşlərdə də bunu bəyan etmişik. Təəssüf ki, erməni tərəfindən hər hansı bir reaksiya olmayıb. Biz hesab edirik ki, erməni icması əsarətində yaşadıqları qanunsuz cinayətkar rejimin əsarətindən qurtulmalı, Dağlıq Qarabağın azərbaycanlı icmasının çağırışlarına cavab verməli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bizlə birgə yaşamaları uğrunda gələcək məsələləri bizimlə müzakirə etməlidirlər. Əks halda onların da gələcəyi qaranlıq görünür”.


İcma sədri icmalararası konkret səfərlər olmadığını və bunu beynəlxalq təşkilatlar vasitəsilə çatdırdıqlarını bildirib: “Amma gələcəyə ümid edirik ki, hansısa nəticələr olacaq, çünki biz əvvəl-axır öz torpaqlarımıza qayıdacağıq və erməni icması məcburdur ki, bizim Dağlıq Qarabağ icması ilə bir yerdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşasın”.


İcma sədri bir daha vurğulayıb ki, silahlanmış erməni əsgərinin Qarabağ torpağına ayağı dəyməməlidir. 

Nə düşünürsən?