Şirvan şəhərinin kanalizasiya sistemi yenidən qurulur

  • 17.07.2019
  • 0

Şirvan şəhərinin 230 kilometrlik kanalizasiya şəbəkəsi 2035-ci ilədək mərhələli şəkildə yenidən qurulacaq.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, şəhərin ilk kanalizasiya şəbəkəsi 1953-1955-ci illərdə inşa edilib. 

Şirvanın kanalizasiya şəbəkəsindən əhalinin 58 faizi mərkəzləşmiş kanalizasiya xidmətləri ilə təmin olunub. İstismar müddətini başa vurmuş mövcud  kanalizasiya sistemi şəhəri tam əhatə etmir və hazırda yararsız vəziyyətə düşüb.

Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişafı və əhalinin artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 mm diametrli borularla 230 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Hazırda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması mərhələli şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin 2018-ci il aprelin 3-də imzaladığı sərəncama əsasən, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,8 milyon manat, 17 aprel 2019-cu il sərəncamı ilə daha 4,0 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitlər içməli su təminatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işlərinə yönəldilib. Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi və şəhərin bütövlükdə su xətlərinin yenidən qurulması nəticəsində 85 min nəfər əhalisi olan Şirvan şəhərinin 90 faizi 24 saat fasiləsiz su ilə təmin olunub.

Kanalizasiya şəbəkəsində isə ilkin mərhələdə Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 200-1000 mm diametrli borularla 3,1 km uzunluğunda əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb. Kollektorların 1,2 km-lik hissəsi inşa edilib və bu istiqamətdə işlər davam etdirilir. Növbəti mərhələdə Şirvan şəhərində yeni  kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir. 2019-cu ildə dövlət investisiya layihəsi çərçivəsində şəhərdə 20 km kanalizasiya şəbəkəsinin yenidən qurulması nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanılıb. 

Nə düşünürsən?