Aydınlığa doğru 1 il

  • 03.07.2019
  • 0

3 iyul 2018-ci il, gecə yarısı. Həmin gecə ölkə qəfildən zülmətə büründü. İlk dəqiqələrdə çoxumuz nə baş verdiyini anlamırdıq. Bir qədər sonra əsl səbəb məlum oldu: Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birindəki cərəyan transformatorunda qəza baş vermişdi. Beləlikə, Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayon işıqsız qaldı.

Elektrik enerjisi verilişindəki fasilənin aradan qaldırılması o qədər də asan olmadı. Təxminən 3 saat sonra ayrı-ayrı bölgələrə enerji verilməsi ilə bağlı məlumatlar gəlməyə başladı, Bakının əksər hissəsində işıqlar yenidən yandı. Hadisədən dərhal sonra Azərbaycan Respublikasıbnın Prezidenti İlham Əliyev məsələni şəxsi nəzarətinə götürdü, səbəblərin araşdırılması üçün Dövlət Komissiyası yaradıldı. 

Dövlət Komissiyasının ilk toplantısında ilk hadisənin səbəbləri götür-qoy edildiyi bir vaxtda – iyulun 3-də saat 19 radələrində ölkə yenidən işıqsız qaldı. Bu dəfəki fasilə o qədər də uzun çəkmədi – təxminən 30 dəqiqə. Amma ikinci fasilənin nəticələri yalnız vaxtında edilən müdaxilə sayəsində ağır olmadı. Metro stansiyaları və qatarlarda sərnişinlərin gur vaxtında işıqların sönməsi nəticəsində insanlar tunellərdə qaldı. Hadısə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olundu. İkinci fasilədən sonra metropolitenin dayanan fəaliyyətini yalnız səhəri gün - iyulun 4-də saat 13:10-da bərpa etmək mümkün oldu.

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısı qarşısında hesabat verərkən, yaranmış fasiləni elektrik enerjisi istehlakında qeydə alınan 40 faizlik artımla əsaslandırmağa çalışdı. Amma prezident İlham Əliyev vəziyyət barədə tam məlumatlı idi və qondarma əsaslarla onu aldatmaq mümkün deyildi:

Fövqəladə hallar naziri Kəmaləddin Heydər Heydərov hadisə barədə məlumat verərkən hadisə rayonunda şahidi olduqlarını nəql etdi. SİTAT: “Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılmış və qabağında olan kanallarda kabelləri yandırmışdır. Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməyib. Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmayıb”. SİTATIN SONU.

Ölkədə elektrik enerjisinin verilişi tam bərpa olunsa da, hadisələrin səbəbləri ilə bağlı araşdırmalar davam etdirildi. Müşavirədə də prezident İlham Əliyevin əsas tapşırığı məhz bu olmuşdu. Nəhayət, komissiyanın respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında yaranmış fasilənin dəqiq səbəbləri məlum oldu. Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə, qəzanın başvermə səbəbləri ciddi araşdırılmış, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. Rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etdi.

Nə düşünürsən?