“Qaloş piri”ndəki görüntülərlə bağlı şok açıqlama: Seyidin papağıdır

10.06.2019 | 31 | 0

Ötən gün sosial şəbəkələrdə yayılan, Goranboyun Qurbanzadə kəndindəki “Qaloş piri” adlanan yerdə çəkilmiş görüntülər rezonans yaradıb. Müzakirələrin səbəbi isə insanların şəfa tapmaq üçün gəldiyi “pir”də başlarına qaloş sürtülməsinə imkan verməsidir. İddiaya görə, həmin qaloş 30 il əvvəl burada yaşayan Seyid Miribiş ağaya məxsusdur. Məsələdə adı keçən Qurbanzadə kəndi Fəxralı kəndinin ərazisinə daxildir. 


Oxu.Az məsələnin mahiyyətini dəqiqləşdirmək üçün Goranboy rayon İcra Hakimiyyətinin Fəxralı kənd icra nümayəndəsi Mehman İbrahimovla əlaqə saxlayıb.


M.İbrahimov yayılan məlumatları qəti şəkildə təkzib edərək deyib ki, görüntülər videodakı şəxsin öz babasının il mərasiminə görə ehsan verdiyi vaxt çəkilib.


Onun sözlərinə görə, orada insanların başına çəkilən əşya qaloş yox, seyidin papağıdır.


Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı, Hacı Şahin Həsənli də məsələni saytımıza şərh edib. O, qaloşdan, papaqdan, geyimdən mədəd umanları cahil adlandırıb:


“Dinimizdə bütün ibadət formaları açıq şəkildə qeyd edilib. Bu tip əməllər xurafatdır. İnsanlar ziyarətgahlara gedə bilər, övliyalara hörmət əlaməti olaraq onların xatirəsini yad edə bilər, amma bunu göstəriş halına salmaq olmaz.


Kütləvi şəkildə bu kimi davranışlar doğru deyil. İnsanlar özləri də bilmədən bu addımla Allaha yaxınlaşdıqlarını düşünürlər. Lakin heç də elə deyil. İnsanın geyimlərdən, qaloşdan, papaqdan, geyimlərdən mədəd umması cahillikdir. Yenə deyirəm, fərdi qaydada məzar ziyarətləri, onların xatirəsini yad etmək normaldır. Amma bunu kütləvi şəkilə gətirmək və göstəriş xarakterli formaya salmaq, üstəlik, qarşılığında maddiyyət ummaq kökündən yanlış əməldir”.




H.Şahin onu da əlavə edib ki, Həzrəti Yusifin köynəyindən bu qənaətə gəlib, belə bir əmələ inanılırsa, insanlar bunu yanlış anlayıb deməkdir:


“Quran”da belə bir ayə var. Həzrəti Yusifin köynəyini Həzrəti Yaquba gətirirlər. O, köynəyi gözünə çəkir və gözləri açılır. “Quran”da bu ayə təbərrük adlanır. Amma bunun kütləvi şəkildə mərasim halına salınması yanlışdır.


Ziyarətgahdan hər hansı bir parça gəldiyində insan onu öpüb, gözünün üzərinə qoyursa, burada Allaha şərik qoşmaq yoxdur. Amma bu cür insanların beynini yuyaraq, onları cahilliyə çəkmək səhvdir”.

Nə düşünürsən?
Loading...