Azərbaycanda kiçik və orta sahibkarlar ordusu yaranmaqdadır

  • 12.04.2019
  • 0

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə son bir ildə Azərbaycanda 1 009 sahibkara 132,6 mln. manat, o cümlədən 907 kiçik və orta biznes sahibinə 19,2 mln. manat güzəştli kredit verilib. Bu isə müvafiq olaraq 4 101 və 2 258 yeni iş yerinin açılmasına imkan yaradıb. Amma dövlətin kiçik və orta sahibkarlığa dəstəyi təkcə iş adamlarının güzəştli şəkildə maliyyələşdirilməsindən ibarət deyil. Ölkədə bu istiqamətdə sistemli və ardıcıl islahatlar aparılır. Bu işlər Prezident İlham Əliyevin Azərbaycana növbəti dəfə rəhbərliyinin ilk ilində daha geniş vüsət alıb.

İlk növbədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətə başlayıb. Agentlik ölkədə kiçik və orta sahibkarların rolunun və rəqabət qabiliyyətinin artırılmasını, onların maraqlarının qorunmasını və problemlərinin həll edilməsini, iş adamlarına vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsini, dövlət və özəl qurumların bu sahədəki fəaliyyətinin əlaqələndirilməsini qarşısına məqsəd qoyub. Qurumun bu məqsədlə ötən ilin sentyabr ayından yaratmağa başladığı “Kiçik və Orta Biznesin (KOB) Dostu” şəbəkəsi sözün əsl mənasında sahibkarların dostuna çevrilib.

Son 1 ildə Azərbaycanda qanunvericilik bazası da kiçik və orta sahibkarların inkişafı naminə kifayət qədər təkmilləşdirilib. Məsələn, Vergi Məcəlləsinə edilmiş və bu ilin əvvəlindən qüvvəyə minmiş dəyişikliklərə əsasən, KOB-lara mənfəət vergisinin ödənilməsində 75% güzəşt edilib, onlar həmçinin əmlak vergisinin ödənilməsindən azad edilib. Bundan başqa, KOBİA-nın təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi, KOB-lara müxtəlif dəstək tədbirlərinin göstərilməsini nəzərdə tutan normativ hüquqi aktların layihələri hazırlanıb. Həmçinin KOB-ların kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib.

İqtisadçı-ekspertlər hökumətin KOB-un inkişafı ilə bağlı səylərini müsbət qiymətləndirir. Bununla belə, onların fikrincə, bu gün Azərbaycanda sahibkarların əsas problemləri vergini necə ödəmək və yaxud kommunal xidmətlərə necə qoşulmaqla bağlı deyil. İş adamlarının maliyyə resurslarına çıxış imkanları artırılmalıdır. Ölkədəki banklar və bank olmayan kredit təşkilatları regionlardakı KOB fəaliyyətini yüksək riskli hesab etdiyindən ya onlara öz vəsaitləri hesabına kredit verməməyə (torpaq sahəsi və digər daşınmaz əmlaklar girov qoyulsa belə), ya da qısamüddətli və yüksək faizlərlə kredit verməyə çalışırlar. Bu isə KOB-un inkişafına mane olur. Bu problemlərin aradan qaldırılmasına, kredit təşkilatlarını iş adamları ilə əməkdaşlığa həvəsləndirmək üçün risklərin sığortalanmasına dair işlək mexanizmin yaradılmasına ehtiyac var.

KOB-un inkişafına mane olan digər amillər kimi isə yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərinə müdaxiləsi, dövlət satınalmalarında haqsız rəqabətə yol verilməsi, iş adamlarının rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün müasir texnologiyalardan az istifadə etməsi, xarici bazarlara çıxış imkanlarının məhdud olması göstərilir. Əgər bu problemlər həll edilərsə, Azərbaycanda kiçik və orta sahibkarlar ordusunun formalaşması sürətlənər. 

Nə düşünürsən?