Ekologiya postundakı DYP əməkdaşları qanunu bilmir?

  • 16.03.2019
  • 0

Bir neçə müddətdir sosial şəbəkələrdə Dövlət Yol Polisi idarəsinin Ekologiya postunda sürücülərə qarşı haqsızlıq olunması barədə məlumatlar yazılırdı. Məsələ bundadır ki, Yol hərəkəti haqqında qanunun 49-cu maddəsinin I bəndin rəhbər tutub ən sağ zolaqla gedən sürücülər Sumqayıt şəhəri istiqamətində getmək istəyərsə təbii ki, sol zolağa yerdəyişmə etməlidirlər. Yolun asfalt örtüyündə də posta bir neçə metr qalmış sağdan iki zolağın, ancaq sağa getməyə icazə verdiyini bildirən 1.18 nişanlanması var. Amma belə yollarda həmin nişan yuxarıdan asılmış 5.8.1 nişanı ilə birgə tətbiq olunmalıdır ki, sürücü uzaqdan gələndə hansı zolağın hansı istiqamətdə getməyə icazə verdiyini bilsin. Həmin posta yaxınlaşan zaman da bu nişanı görəndən sonra düzünə getmək istəyən sürücülər sol zolağa doğru yerdəyişmə edirlər. Həmin hissədə də 1.5 nişanlanma xəttidir (qırıq xətt). Qaydalar isə 1.5 xəttinin hər iki istiqamətdə kəsib yerdəyişmə etməyə icazə verir. Sosial aktiv sürücülərdən biri 24 fevral tarixində eyni cür avtomobil idarə edib və bütün bu baş verənlər onun avtomobilinə quraşdırılmış video-registrator tərəfindən qeydə alınıb. Postda Səyyad Baxışov adlı inspektor sürücüyə saxlama əmri verib. Sürücü də saxlayıb. Videonun əvvəllərində əməkdaş sürücünün qaydaları bilib onunla razılaşmadığını gördükdə, protokol yazmaq istəmir və "get, protokol evə göndəriləcək", - deyir. Halbuki bu qanunla qadağandır. Əgər həqiqətən qayda pozuntusuna görə sürücü saxlanılıbsa, ona protokol yerində tərtib olunmalıdır. Bundan sonra sürücü təkid edir ki, ona protokol yazılsın, amma qərar verilməsin. Səyyad Baxışov da ona İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən protokol tərtib edib. Daha sonra sürücü elektron qaydada DYP rəhbərliyinə protokoldan şikayət edib. DYP rəhbərliyi isə Ekologiya postundan yolu çəkən kamera görüntülərinə baxdıqdan sonra protokola xitam verildiyini bildirən cavab məktubu göndərib. Yəni inspektorun protokolu haqsız yazdığını bildiriblər. Amma maraqlısı odur ki, cavab məktubunda işində nöqsanlara yol verən bu inspektor haqqında hansısa tədbir görüldüyü bildirilməyib. Sürücü daha sonra bu videonu sosial şəbəkələrdə ictimailəşdirib. Bundan sonra məlum olub ki, eyni gündə elə həmin postda Elvin Abdinov adlı inspektor tərəfindən başqa bir sürücüyə də protokol tərtib olunub və o protokola da şikayət əsasında xitam verilib. Hər iki video sosial şəbəkələrdə ictimailəşdiriləndən sonra videoların rəy bölməsində bir çox vətəndaşlar onlara qarşı həmin yerdə protokol yazıldığını qeyd ediblər. Bütün bu videoların sosial şəbəkələrdə ictimailəşməsinə baxmayaraq, əməkdaşlar hələ də bu qanunsuz əmələ davam edirlər. Belə ki, yenə başqa bir sürücünü də eyni səbəbə görə oradan saxlanılması barədə videogörüntü paylaşılıb. Əməkdaş qanunazidd iddia irəli sürdükdən sonra sürücü ona daha əvvəl bu iddiaya görə tərtib olunmuş protokola DYP rəhbərliyi tərəfindən xitam verildiyi barədə cavab məktubunu təqdim edir. İnspektor da məktub oxuyandan sonra sürücüyə qaytarıb hətta "yaxşı yol" belə demədən, uzaqlaşır. Sürücü onun bu əməlinə də etiraz edir. 

Nə düşünürsən?