Kaspi liseyinin şagirdləri maraqlı layihə həyata keçiriblər

  • 04.03.2019
  • 0

Azərbaycanın tarix boyunca ən qiymətli sərvətləri neft, pambıq, milli mətbəx və musiqi, o cümlədən tarixi abidələr olub. Odur ki, azərbaycançılıq ideologiyasına köklənən Kaspi liseyinin Bakıxanov filialının 3-cü sinif şagirdləri "Sərvətlərimiz keçmişimiz və gələcəyimizdir" adlı maraqlı bir layihə həyata keçiriblər.

Xezerxeber.az-ın məlumatına görə, məqsəd yurdumuzun yeraltı, yerüstü və mənəvi sərvətlərini şagirdlərə tanıtmaq, sevdirmək və qoruyub gələcək nəsillərə aşılamaq olan layihə ilə bağlı təqdimat mərasimində liseyin rəhbərliyi, qonaqlar və valideynlər iştirak ediblər. Tədbir şagirdlərin təqdimatında maraqlı kompozisiya və kəlağayıların nümayişi ilə başlayıb.

Şagirdlərə bir-birindən maraqlı maketləri hazırlamaqda valideynləri də kömək ediblər. Burda onlar həm öyrəniblər, həm də maraqlı bacarıqlara yiyələniblər.

Həmçinin layihə çərçivəsində şagirdlər müəllimləri ilə birlikdə müxtəlif ekskursiyalara gedib və araşdırmalar aparıblar. Bununla da onlar real həyatda öyrəndiklərini təcrübədə daha yaxşı tətbiq etmək imkanına malik olublar.

Sonda isə hər bir şagird öz hazırladığı maket haqqında qonaqlara məlumat verib. Bildirilib ki, Kaspi liseyi bundan sonra da şagirdlərin praktiki biliklərini artırmaq və öyrəndiklərini daha yaxşı tətbiq etmək üçün belə layihələrə davam edəcəklər.

Nə düşünürsən?