Piyadalar ölümdən necə qorunmalıdır?

  • 30.01.2019
  • 0

Son vaxtlar sürücü ehtiyatsızlığı, sürət həddinin aşılmasının səbəb olduğu qəzalardan başqa, piyadaların səhvi ucbatından onların ölümü ilə nəticələnən qəzalar da baş verir. Nəqliyyat ekspertləri hesab edirlər ki, piyada zolaqlarında baş verən qəzalarda sürücülərlə yanaşı, piyadalar da günahkardır.

Axar.az xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov mövzu ilə bağlı maarifləndirici video paylaşaraq, Azərbaycanda, xüsusilə Bakıda diqqət edilməli məsələlərdən birinin məhz piyada zolaqlarında yaşanan qəzalar olduğunu bildirib:

“Əsas iki prinsip var:

1. Hərəkət iştirakçılarının təhlükəsizliklə bağlı bilgiləndirilməsi yolu ilə onların səhv etdiyi halları minimuma endirmək və zəruri intizama nail olmaq;

2. Yol infrastrukturunu elə yaratmaq və hərəkəti elə təşkil etmək lazımdır ki, piyada və sürücünün səhv etməyinə yer qalmasın.

Təəssüf ki, bizdə çox vaxt belə fikir səslənir ki, piyada üçün cərimə artırılsın. Buna ehtiyac yoxdur, çünki bu, ən sonda ola biləcək tədbirdir. Bu videoda bizim dediklərimiz çox gözəl və əyani şəkildə, ayrı-ayrı detallar üzrə izah edilir”.

Digər nəqliyyat ekspertlərinin sözügedən video ilə bağlı fikirlərinə görə, nizamlanmayan piyada keçidləri səhv tətbiq olunduğu halda əsl təhlükə mənbəyinə çevrilir. Nizamlanmayan piyada keçidləri çox böyük ehtiyatla tətbiq edilməlidir. Bir çox hallarda onları işıqforlarla nizamlanan keçidlərlə əvəz etmək və ya nəqliyyat axınının sakitləşdirilməsi tədbirləri ilə müşayiət etmək lazımdır.

Nə düşünürsən?