“Bu biabırçılıqdır, dövlət qurumları məsələyə qeyri-ciddi yanaşırlar”

  • 28.12.2018
  • 0

Xəbər verdiyimiz kimi Bakı-Qazax magistralının Dəliməmmədli şəhərindən keçən hissəsində sakinlər gecə saatlarında yolu kəsərək nəqliyyat vasitələrinin gediş-gəlişini məhdudlaşdırıb və polislərin müdaxiləsindən sonra yolda hərəkətin intensivliyi təmin edilib.

Yolu kəsən Dəliməmmədli şəhər sakinlərinin isə tələbi Goranboy rayon icra hakimiyyətinin başçısının əraziyə gəlməsi olub. Sakinlər qeyd ediblər ki, sözügedən yolda işıqlandırma sisteminin olmaması Dəliməmmədli şəhər sakinlərinin həyatı bahasına başa gəlir. Belə ki, yolu keçmək istəyən sakinlər yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri tərəfindən mütəmadi qəzalara məruz qalırlar.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, yolların işıqlandırılması bərbad vəziyyətdədir və 20 il bundan öncəki vəziyyəti xatırladır:

“Yolların işıqlandırılması çox önəmli məsələlərdən biridir. Yol hərəkəti təhlükəsizliyi baxımdan çox əhəmiyyət kəsb edən məsələdir. Son günlər yol nəqliyyat hadisələri artır, hətta ölümlə nəticələnən, eyni zamanda bir neçə nəfərin öldüyü və xəsarət aldığı qəzaların da sayı artmaqdadır. Bu qəzalar isə əsasən günün qaranlıq saatlarında baş verir. O zaman belə hallarda piyadavurma halları da qeydə alınır. Piyadavurma qəzalarının dabaşvermə səbəblərindən biri piyadaların yol hərəkəti qaydalarına əməl etməmələridirsə, ikincisi isə ərazilərin işıqlandırılmamasıdır. İşıqların olmadığı halda sürücü piyadaları zamanında görüb reaksiya verə bilmir və qəzalara səbəb olur.

Ümumilikdə dünyanın bir çox ölkələrində yolların işıqlandırılmasına milyardlarla vəsait xərclənir. Onların məsələyə yanaşması belədir ki, o pullar vətəndaşın həyatından və sağlamlığından daha önəmli deyil. Biz isə illərdir bu məsələ ətrafında danışırıq, bu gün də danışırıq buna rəğmən isə ortada əməli nəticə yoxdur. Bəzən nəinki yolları işıqlandırırlar, hətta yolun işıqlarını belə söndürürlər. Bəla isə bax budur, qənaət adı ilə insanların həyatına meydan oxuyurlar. Hətta elə küçə və prospektlər var ki, orada işıqlar tamamilə söndürülür. Bəziləri insafla yanaşırlar, şahmat taxtası kimi, iki işıq dirəyindən birinin işığını yandırırlar digərini söndürürlər. Bu hələ Bakıda, şəhərin mərkəzində belədir, Respublikanın digər ərazilərində isə vəziyyət daha cınacaqlıdır.

Yollar bərbad şəkildə salınır, nişanlanma xəttləri normal səviyyədə deyil. Bakı-Qazax magistralını şükürlər olsun ki, ayırıcı sədd kimi beton qoyublar amma onların ağıllarına gəlməyib ki, həmin yola işıqqaytarıcı sistem quraşdırsınlar? İnsanlar dumana, yağışa düşəndə heç olmasa o işıq effektləri sürücülərin köməyinə gəlsin.

Sağ tərəfdə bütöv xəttlər yoxdur ki, sürücülər dumana düşən zaman o xətti tutub hərəkət edə bilsinlər. Bu hallar hamısı biabırçılıqdır. İşıqlandırma dedikdə bunlar hamısı birlikdə kompleks təşkil edirlər. Mən çox təəssüf edirəm ki, yolların işıqlandırılmasına aidiyyatı dövlət qurumları bu qədər qeyri-ciddi yanaşırlar. Baş Dövlət Yol Polis İdarəsi qəzaların nəticələrini aidiyyatı dövlət qurumlarına təqdim etməlidir və onların qarşısında məsələ qaldırılmalıdır ki, yay ayları ilə müqaisədə niyə qış aylarında qəzaların sayı artır və qəzalar ən çox harada baş verir. Bu qəzaların hər biri ciddi təhlil olunmalıdır, aidiyyatı dövlət qurumlarının rəhbərlərindən hesabat tələb edilməlidir ki, baxın, sizin yarıtmazlığınız nəticəsində bu hallar baş verir.

Elektrik enerjisinə qənaət etmək məqsədilə günəş enerjisi ilə qidalanan işıqlandırma sistemi quraşdırmaq olar. Necə ki, Bakı şəhərində bəzi yol nişanlarının işıqlandırılmasında günəş enerjisindən istifadə edilir. Bəzi ölkələr hətta yollara “LED” işıqlandırma sistemi qurur hazırda. Təsəvvür edin ki, avtomobil vasitəsi 100 metr məsafədə yaxınlaşdıqda işıqlar avtomatik olaraq yanır, avtomobil vasitəsi keçib getdikdən sonra isə sönür. Bizdə isə ən-ənəvi işıq dirəklərini də heç qoymurlar.

İnsanlarımız daha çox tünd geyimlərə üstünlük verirlər, bu isə gecə qaranlıq saatlarında sürücülərin piyadaları görməməsi və qəza törətməsi ilə nəticələnir. Xüsusən də Dəliməmmədli ərazisində ciddi problemlər yaşanır. Müşahidə edirəm ki, o istiqamətdə nəqliyyat hadisələrin sayı xüsusilə artıb. Bunun səbəbləri isə araşdırılmalıdır, müəyyən addımlar atılmalıdır. Yaşayış məntəqəsindən keçən yollarda işıqlandırmaların olması mütləq şəkildə lazım və labüddür. Aidiyyatı qurumlar o dəqiqə deyirlər ki, buna imkan yoxdur, vəsait yoxdur. Amma bunu hissə-hissə 20 il ərzində etmək mümkün idi. Əgər bu şəkildə problemə yanaşılsaydı indi heç bir problem də olmazdı.

Xeyli müddət əvvəl sürücülərdən yol vergisi alınırdı. Hara gedirdi həmin vəsait? Bəs hanı bu yollarda istifadə edilən konstruksiyalıarın sazlığı? Yoxdur! İllərlə yol vergisi ödəmişik, avtomobilimizi texniki baxışdan keçirdərkən mühərrikin həcminə görə yol vergisi ödəyirdik. Nə həmin ərəfədə yollarımız normal vəziyyətdə deyildi, nə yol nişanları qaydasında deyildi, nə işıqlandırma sistemi qaydasında deyildi, nə də indi heç biri qaydasında deyil. Bir neçə yollar istisna olunmaqla yolların vəziyyəti 20 il bundan öncəki durumu özündə əks etdirir.

Biz çıxışlarımızda qeyd edirik ki, yollarımız beynəlxalq daşımalarda, tranzitlərdə mühüm rol oynayır, digər ölkələrin nəqliyyat vasitələri gəlib ölkəmizdən keçirlər, pul ödəyirlər buna görə amma adicə ölkəmizə daxil olan böyük TIR ların heç park etmək üçün müvafiq yerləri belə yoxdur. Ona görə də ölkəmizə cənubdan gələn sürücülər özlərinə başqa alternativ yollar seçdilər ki, bu da ölkəmizə daxil olan vəsaitin qarşısını aldı. Lakin bu yaxınlarda yeni yol çəkildi və indi də deyirlər həmin yol pullu olacaq.

İnsanlarımızın qəzalarda ölməzi ölkə iqtisadiyyatına da ziyan vurur. Bir hərbçi, polis, həkim, alim, mühəndis, şagird, tələbə qəzada həlak olur. O şəxslərin yetişməsi üçün görün ölkəmiz nə qədər vəsait xərcləmişdi lakin qəzanın qurbanı oldu. Lakin bu işıqlandırma sisteminə vəsait xərclənmir ki, pul yoxdur. Özünüz baxın, görün dövlət hansında daha çox ziyan görür? Bir polisin, mühəndisin, həkimin ölməsində yoxsa müəyyən qədər vəsait sərf etməklə yolların işıqlandırılmasında? İnsanlarımızıns ağlığını düşünmək lazımdır, düşünmək lazımdır ki, bu ailələr, gənc ailələr niyə başsız qalırlar? Dövlətin aidiyyatı qurumları yolları vaxtında işıqlandırsaydı ailələr də başsız qalmazdı”.

Nə düşünürsən?