“Azərsu” qəza şəraiti yaratdı, qayda pozuntusuna yol verdi

  • 25.03.2018
  • 0

Xətai rayonu, Məhəmməd Hadi küçəsində "Azərsu"ASC tərəfindən qazıntı işləri aparılır. Musavat.com-un məlumatına görə, su xətlərində yaranan problemin aradan qaldırılması məqsədilə aparılan qazıntı yolun bir hissəsində hərəkəti məhdudlaşdırıb. Lakin diqqət çəkən məqam odur ki, yolda təmir getdiyinə dair sürücülər üçün heç bir xəbərdarlıq nişanı qoyulmayıb. Belə olan halda "Ukrayna dairəsi"ndən, Məhəmməd Hadi küçəsinə doğru sürətlə irəliləyən avtomobillər anidən yolda qazıntı işləri aparan ağır texnikalarla qarşılaşırlar. Bu isə hərəkət sürətinin qəfil azaldılmasına və sürücülərin hərəkət istiqamətini dəyişərək qarşı yola çıxmasına səbəb olur. Nəticədə qəza şəraitinin yaranması təhlükəsi yaşanır. Təəccüblüdür ki, belə bir vəziyyətdə yolda hərəkətin tənzimlənməsi üçün DYP əməkdaşları fəaliyyət göstərmir. Halbuki yolda nəqliyyatın hərəkətinə mane olan bu cür işlər zamanı sürücülərin və piyadaların təhlükəsizliyi üçün DYP əməkdaşları nəzarət etməlidir. Bunun üçün təmir-qazıntı işlərini aparan müvafiq qurum aidiyyatı orqanlara xəbərdarlıq etməlidir.

Nə düşünürsən?