"Ddinindən asılı olmayaraq mülki şəxslərə hücum qəbuledilməzdir”

  • 22.10.2020
  • 0

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə səfər edib. APA TV-nin yerli bürosunun məlumatına görə, Səfir ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış evlərə baş çəkib. Ona düşmənin dinc əhaliyə qarşı törətdiyi terrorla bağlı məlumat verilib. Corc Dik ermənilərin günahsız insanlara qarşı törətdiyi bu terroru qınayıb: “Milliyyətindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq mülki şəxslərə hücum yanlışdır və qəbuledilməzdir. Hər qurbanın həyatı dəyərlidir. Heç kim bu cür şərait altında olmamalıdır, heç kim sevdiklərini, dostlarını, qonşularını gecə dinc şəkildə yatarkən itirməməlidir”. Bildirilib ki, oktyabrın 11-də də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – “SCUD” raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. İsrail səfiri terror zamanı zərər çəkən mülki şəxslərlə görüşüb, həlak olanların yaxınlarına başsağlığı verib: “Biz Azərbaycanla dostluq əlaqələrimizi yüksək qiymətləndiririk. Bu dostluğun bir sübutu kimi mən bu gün bura gəldim. Qurbanlara humanitar yardım gətirdik ki, onlar bu çətin vaxtlarda bir az rahatlıq tapsınlar. Mən Gəncəyə gəldim ki, burada hücumlar səbəbi ilə baş vermiş dəhşətli dağıntını görüm. Bura gəldim ki, Azərbaycan xalqına, Gəncə şəhərinin sakinlərinə, qurbanların ailələrinə başsağlığımı ifadə edim. Bütün yaralılara isə tezliklə şəfa tapmalarını arzu edirəm. Biz israillilər olaraq müharibənin və hücumların dəhşətli nəticələrini çox yaxşı bilirik. Xüsusilə də bu hücumlar mülki əhaliyə qarşı yönələndə”. Xatırladaq ki, terrorçu dövlət olan Ermənistanın oktyabrın 17-də Gəncənin mərkəzi hissəsinə atdığı 2-ci raket nəticəsində 14 nəfər həlak olub, 50-dən artıq şəxs yaralanıb.

Nə düşünürsən?