Nikolun arvadı kəndlərimizi atəşə tutur

  • 12.09.2020
  • 897 baxış
  • 0

Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Qarabağda “təlimlər”ə qatılması və avtomatla çəkdirdiyi fotolar barədə məlumat yayılmışdı. Axar.az xəbər verir ki, indi də sosial şəbəkələrdə Anna Akopyanın erməni qızlarla birgə hədəfə atəş açdığını əks etdirən video paylaşılıb. Jurnalist Elçin Alıoğlu isə onların Azərbaycan kəndlərini nişan aldıqlarını qeyd edib. 2018-ci ildə əri hakimiyyətə gələrkən “sülh quşu” cildinə girən Anna Akopyanın hazırkı davranışları isə Ermənistanın növbəti təxribata ciddi hazırlaşmasından xəbər verir. Qeyd edək ki, bir neçə gün öncə Ermənistan hərbi-siyasi rəhbərləri Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsinə ardıcıl səfərləri və döyüş mövqelərinə birbaşa baxış keçirmələri ilə diqqət çəkmişdi. Üstəlik, Tovuz təxribatının qarşısı alınandan dərhal sonra, 17 iyuldan başlayaraq, Rusiyadan Ermənistana yüz tonlarla hərbi yükün daşınması və prosesin hazırda da davam etməsi artıq təsdiqlənib. Ekspertlər Ermənistanın bu davranışlarını, eyni zamanda, Gəncə və Goranboyun işğalı ilə bağlı açıq mətnlə danışmalarını növbəti təxribat hücumuna hazırlıqla əlaqələndirirlər. Onların qənaətinə görə, ermənilər hər an hücuma keçə bilərlər.

Nə düşünürsən?