Velosiped sürənlər hansı qaydalara əməl edilməlidir?

  • 07.09.2020
  • 0

Yol qəzaları arasında ölümlə nəticələnən hadisələrin bir hissəsi velosipedlərin iştirakı ilə baş verir. Son zamanlar bu nəqliyyat vastələri ilə baş verən qəzaların sayı da durmadan artır. Qeydə alınan qəzaların mütləq əksəriyyətində isə məhz təhlükəsizlik baxımından çox zəif olan velosiped sürücüləri hadisənin qurbanı olur. Azərbaycanda bu nəqliyyat növünə daha çox yeniyetmələrin marağı olduğunu nəzərə alsaq, hadisə qurbanları da əsasən onlardır. Görəsən, bu nəqliyyat vastəsi ilə ölümlə bitən qəzalara tez-tez rast gəlinməsinə səbəb nədir? Velosiped sürənlər hansı qaydalara əməl etməlidir? “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 38, İnzibati Xətalar Məcəlləsinin isə 338-ci maddəsində velosipedçi və moped sürənlərin məsuliyyətindən bəhs olunur. Velosipedi nasaz vəziyyətdə idarə etməyə, işıqforun qirmızı işığında keçməyə, dəbilqəsiz, texniki cəhətdən nasaz velosiped sürməyə, ümumi istifadədə olan yollarda qoruyucu vastələrdən istifadə etməməyə və piyadalara yol verməməyə görə 40 manat cərimə tətbiq olunur. Velosiped sürənlər qeyd etdiyimiz maddələrdə tələb olunan qaydalara riayət etməlidirlər. Xüsusən, valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Uşaqlara nəzarət etməlidirlər ki, məhəllə yollarından avtomobil yoluna çıxmasınlar. Nəzərə almaq lazımdır ki, velosiped sürənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Bu baxımdan, orta məktəblərdə yol hərəkətləri qaydalarının təbliğinə, xüsusən velosibed mövzusuna isə geniş yer ayrılmasına ehtiyac var. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin 27 dekabr tarixində təsdiqlənən və 2019-2023-cü illəri əhatə edən “Yol hərəkətinin təhlükəsizliyinə dair” Dövlət Proqramında da əksini tapıb. Bəzən insanlar velosipedi adi hesab edir və istənilən yerdə sürür. Son zamanlar qəzaların artmasına nəzər salsaq görərik ki, velosiped idman növü ilə məşqul olanlar və professional sürücülərdən başqa heç kəsin qaydalardan tam anlayışı yoxdur. Əksəriyyəti yeniyetmələr olan velosipedçilər çox aqressivdirlər və qaydaları çox kobud şəkildə pozurlar. Bu ilin 6 ayını təhlil etsək görərik ki, respublika üzrə velosipedçilərin iştirakı ilə 21 qəza baş verib. Nəticədə 8 nəfər həyatını itirib, 21 nəfər yaralanıb. Velosipedçilərin avtomobil yollarında etdiyi qanunsuzluqlar yolverilməzdir. Velosipedçilər də nizamlayıcı vastələrin tələbləri üzrə və onlar üçün ayrılmış ərazilərdə, eləcə də təhlükəsizliyi təmin etmək şərti ilə, həmçinin idarə etdiyi velosipedlərin üzərində təhlükəsizliyi təmin etmək üçün qoruyucu vastələrlə təchiz etməklə idarə etməlidirlər. Təəssüflər olsun ki, bu tələblər velosiped idarə edənlər tərəfindən yerinə yetirilmir bunun nəticəsi olaraq sürücülər və piyadalar əziyyət çəkir, velosiped qəzaları isə artır. Bəzən velosipedçilərin cərimələnməsi ilə bağlı cəmiyyətdə xoşagəlməz fikir formalaşır. Təbii ki, velosipedçilər onlar üçün ayrılmış xüsusi zolaqla hərəkət etməlidirlər. Hər bir velosipedçi təhlükəsizliyi təmin etməklə həm özünün təhlükəsizliyini təmin edir, həm də başqalarının hərəkətinə mane olmur. Ümumiyyətlə bu sahədə ciddi islahatlar və maarifləndirmə işi genişləndirilməlidir. Yol polisi mütəmadi olaraq bununla bağlı profilaktik tədbirlər aparır. Amma bununla bağlı müxtəlif ictimai qurumlar, məktəblər o cümlədən valideyinlər də təbliğatı artırmalı və baş verə biləcək hadisələrin qarşısının alınmasında təşəbbüs göstərməlidir. Ümid edirik ki, yaxın gələcəkdə biz istədiyimiz nəticəni əldə edəcəyik. Bakı şəhər BPİ DYPİ HTT və İQƏB-in inspektoru polis baş leytenantı Muradova Pərvanə Cəfərağa qızı

Nə düşünürsən?