Zakir Həsənov Moskvada mühüm görüşlər keçirdi

  • 05.09.2020
  • 0

Rusiyada Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdafiə nazirlərinin birgə iclası keçirilib. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Avrasiya regionunda təhlükəsizliyin təmin olunması, müharibə və silahlı qarşıdurmaların baş vermə təhlükəsinin qarşısının alınması üçün səylərin birləşdirilməsi beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu iclasda Azərbaycanın Müdafiə naziri general polkovnik Zakir Həsənov da iştirak edib. Azərbaycan daxil olmaqla 12 ölkənin müdafiə nazirləri Moskva vilayətinin Kubinka rayonunda yerləşən Patriot Parkında Rusiya Silahlı Qüvvələrinin Baş məbədi ilə tanış olublar. Rusiya Müdafiə naziri Sergey Şoyqu rekord müddətə - ilyarıma tikilən Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan dini məbədlə əcnəbi həmkarlarını tanış edib. Məbəd kompleksinə daxil olan “Yaddaş yolu” muzeyində isə MDB ölkələrindən olan müdafiə nazirlərinin İkinci dünya müharibəsində vuruşmuş yaxın qohumlarının arxivləri ilə tanışlıq olub. Daha sonra generallar Məbədin həyətində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş “Qaliblərin analarına” adlı abidənin açılışını ediblər. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Məbədin həyətində xatirə olaraq ağac əkib. İclası giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Təşkilatı müdafiə nazirlərinin birgə iclasının beynəlxalq və regional təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından olduqca vacib olduğunu vurğulayıb. Rusiyalı nazir terrorçuluqla mübarizədə əməkdaşlığı genişləndirmək məqsədi ilə QAFQAZ 2020 manevrləri çərçivəsində üç beynəlxalq təşkilata üzv ölkələrin müdafiə nazirlərinin birgə təlimlər keçirməyə razılaşdıqlarını da bildirib. İclasda MDB icraiyyə Komitəsinin katibi Nikolay Lebedev, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının baş katibi Stanislav Zas da çıxış edib. Daha sonra iclas mətbuatın iştirakı olmadan bir saatdan çox qapalı şəkildə davam edib. İclasın yekununda müdafiə nazirləri yekun kommünike imzalayıblar. Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Rusiyaya səfəri sabah Alabino poliqonunda “Tank biatlonu” Ordu Oyunlarının final mərhələsini izləməklə yekunlaşacaq.

Nə düşünürsən?