Erməniləri öz sərhədlərinə qədər qovmalıyıq

  • 27.08.2020
  • 32 baxış
  • 0

Diversiya qrupları qarşı tərəfdə hər hansı təxribat əməliyyatlarını keçirmək üçün hazırlanır. Ermənistan da vaxtaşırı bu cür təxribatları gerçəkləşdirməyə cəhd göstərir. Bunu Axar.az-a Milli Məclisin deputatı Elman Məmmədov bir neçə gün əvvəl cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun növbəti dəfə təxribata cəhd etməsinə münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Ermənistanın diversiya qrupları hər dəfə Azərbaycan Ordusunun ayıq-sayıqlığı ilə üzləşir: “Onların bir qismi məhv edilir, bəziləri əsir götürülür. Bu dəfə də belə oldu. Hərbçilərimiz Goranboy istiqamətindəki təxribatı da aşkara çıxardı. Onların bir qismi məhv edildi, komandirləri isə əsir götürüldü. Bu da Azərbaycan Ordusu tərəfindən Ermənistana növbəti bir dərs idi”. E.Məmmədov deyib ki, təkcə hərbçilər yox, mülki şəxslər də ermənilərin diversiya təxribatlarına hazır olmalıdır: “Mülki əhali də bu cür diversiya qruplarının mövcudluğunu yaxşı bilməlidir. Cəbhə zonasında yaşayan əhalimiz də ayıq-sayıq olmalıdır. Ermənilər sosial şəbəkələr, media vasitəsilə də təxribatlar həyata keçirirlər. Onların cəbhə bölgəsindəki təxribatları əlavə ərazilər əldə etməyə istiqamətlənmişdi. Tovuz döyüşləri zamanı da buna cəhd edib enerji layihələrini hədəf aldılar. Nəticədə geri oturduldular. Hələ əvvəlki mövqelərindən bir qədər də geri çəkildilər. Bundan sonra da belə olacaq”. Elman Məmmədovun fikrincə, düşmənin təxribatlarına son qoymağın ancaq bir yolu var: “Heç kim bizim üçün torpaqlarımızı işğaldan azad etməyəcək. Biz öz torpaqlarımızı azad etməyə qadirik. Bütün bu təxribatlara son qoymaq üçün Azərbaycan Ordusu düşməni birdəfəlik darmadağın etməlidir. Sərhədlərimiz bərpa olunmalıdır. Bu baş vermədikcə düşmən tərəfindən təxribatların, diversiyaların davamı gələcək. Erməniləri öz sərhədlərinin içlərinə qədər qovmalıyıq”.

Nə düşünürsən?