"Məmurlar Prezidentin çıxışından nəticə çıxarmalıdır"

  • 25.08.2020
  • 0

Yeni təyin olunan icra başçılarını videoformatda qəbul edən dövlət başçısı həm məmurlara, həm də Azərbaycan sahibkarlarına fəaliyyətlərini qanuna uyğun qurmaq üçün yol xəritəsi göstərdi. Göstərilən istiqamət isə çox aydındır - sahibkar işini şəffaf şəkildə qurmalı, vergidən yayınmamalı və qanunlara uyğun vergisini ödəməklə fəaliyyətinə davam etməli, rüşvət qismində heç kəsə əlavə bir manat da vəsait verməməlidir. Dövlət başçısı eyni zamanda yerli icra qurumlarına, eləcə də mərkəzi icra qurumlarının yerlərdəki məmurlarına da ciddi xəbərdarlıq edərək sahibkarları heç bir halda narahat etməmək göstərişini verdi. Əslində bunu həmin vəzifələrdə olan bütün məmurlar bilməli və öz fəaliyyətində yalnız vətəndaşlara xidmət və sahibkarlara dəstək göstərməyi özlərinə əsas istiqamət seçməlidirlər. Ancaq Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Baş Prokurorluğun keçirdiyi əməliyyatlar onu göstərdi ki, bəzi məmurlar xalqa yox, özlərinə xidmət edirlər. Bu əməliyyatlar onu da ortaya qoydu ki, Azərbaycan dövlətinin rüşvətə dözümü yoxdur və buna yol verənlər nə qədər yüksək vəzifə tutsalar da cəzalanacaqlar. Millət vəkili Ramil Həsən deyir ki, prezidentin çıxışından bütün məmurlar özlərinə dərs çıxarmalıdırlar. Dövlət başçısı eyni zamanda məmurlara daha bir xəbərdarlıq edərək öz komandalarını formalaşdıran zaman qohumluq əlaqələrinə yox, həmin insanların bacarıq və ölkəyə sədaqətlərinə önəm verməli olduqlarını deyib. Prezidentin digər iradı isə pandemiya şəraitində Azərbaycana deyil, xarici ölkələrə böyük həcmdə investisiya yatıran sahibklarlara idi. Prezident xüsusilə pandemiya vaxtı fəaliyyətləri üçün hər cür şərait yaradılan sahibkarların belə çətin bir vaxtda xarici ölkələrə böyük investisiyalar yatırmalarının onlara göstərilən münasibətə adekvat olmadığını vurğulayıb. Ramil Həsən hesab edir ki, indi həmrəylik və birliyə hərzamankından daha çox ehtiyac var. Dövlət başçısı çıxışında sahibkarların istənilən ölkəyə sərmayə qoymaqda sərbəst olduqlarına, ancaq pandemiya şəraitində ölkənin milli maraqlarının, insanların işə olan ehtiyacının təmin olunmasının hər şeydən öndə gəldiyinə diqqət çəkib. Bu da təbiidir, çünki dövlət başçısı Azərbaycanda sahibkarların azad fəaliyyət göstərmələrinin qarantıdır və milli sahibkarlığın qarşısında duran bütün problemlər, əngəllər aradan qaldırılır. Bütün bu addımların məqsədi sahibkarların bizneslərini genişləndirmələrinə şərait yaratmaq, gəlirlərini artırmalarına dəstək verməkdir. Bunun qarşılığında isə sahibkarlar ölkədə yeni iş yerlərinin yaradılmasına öz töhfələrini verməlidirlər. Xüsusilə milli iqtisadiyyata investisiya qoyuluşu pandemiya dövründə ümummilli bir məsələdir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?