Azərbaycanda "din adı altında" gənci döyüb videosunu paylaşdılar

  • 14.08.2020
  • 0

YPX.AZ xəbər verir ki, dünəndən sosial şəbəkələrdə bir gəncin bir neçə dırnaq arası dindar tərəfindən döyülüb, işgəncə görməsi ilə bağlı videogörüntülər paylaşılıb. Hadisə barədə tam dəqiqliklə məlumat verilməsə də, videogörüntüdən anlaşılan odur ki, həmin gəncin sosial şəbəkə hesabından müəyyən qrup dindarlarla nalayiq ifadələr yazılıb. Lakin həmin gənc özü video paylaşaraq həmin ifadələri yazanın özünün olmadığını, onun hesabından ona naməlum olan şəxsin yazdığını bildirib. Hətta buna görə üzr də istəyib. Ancaq görünən odur ki, bu dırnaq arası dindarlara bu kifayət etməyib. Sumqayıt şəhərində çəkildiyi ehtimal edilən görüntülərdə kütlə halında yığışan "dindarlar" həmin gənci döyüb, üzr istədib, "Allahu Əkbər" sədaları altında söyməkdən belə çəkinməyib. Sonda isə bütün "əxilər"dən üzr istədib və son zərbəni vuraraq videogörüntünü saxlayıblar. Gəncin üz nahiyəsində zərbə izləri, hətta onun dodaqlarının zərbədən partlayıb qan içində olduğu açıq-aşkar görünür. İnanırıq ki, Daxili İşlər Nazirliyi tezliklə söyüş sədaları altında bir nəfəri təkləyib döyən bu din təəssübkeşi çəkən "dindar"ların hər birini müəyyən edib qanunamüvafiq tədbir görəcək. Videogörüntüdə olan nalayiq və söyüş ifadələrinə görə hər kəsdən üzr istəyirik. Ancaq özümüz onları montaj vasitəsilə kəsmirik ki, yazdıqlarımızın subutuna görüntüdə baxasınız. Məsələni diqqətdə saxlayacağıq.

Nə düşünürsən?