“Avtobus zolaqlarının çəkilməsi zərurətə çevrilib"

  • 13.08.2020
  • 1.1K baxış
  • 0

Son günlər Bakı şəhərinin küçə və prospektlərində avtomobillərin hərəkət intensivliyinin artması ictimai nəqliyyatın fəaliyyətində bəzi çətinliklərin yenidən gündəmə gəlməsinə səbəb olmuşdur. Minik avtomobillərinin iritutumlu sərnişin avtobuslarının hərəkətinə mane olması, yol verməməsi, dayanacaq ərazilərini zəbt etməsi halları ilə yanaşı son günlərdə dayanacaqda dayanan avtobusların vurulması halları da artmaqdadır. Belə ki, avqustun 11-12-də “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan və müasir standartlara cavab verən “İsuzu Citiport” markalı avtobuslar dayanacaq ərazisində olarkən minik avtomobilləri tərəfindən vurulmuşdur. Bütün bunların nəticəsi olaraq avtobusa böyük miqdarda ziyan dəyməklə yanaşı, sərnişinlər fiziki və psixoloji zədə alır, yollarda hərəkət axını pozularaq sıxlıq yaranır və ictimai nəqliyyatın fəaliyyət rejimi pozulur. Aparılan statistik araşdırmalar da ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların böyük əksəriyyətinə məhz şəxsi minik vasitələrinin səbəb olduğunu göstərir. “Xaliq Faiqoğlu” şirkəti olaraq yuxarıda sadalanan problemlərin həlli məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən təklif edilən xüsusi avtobus zolaqlarının çəkilməsi layihəsinin tezliklə icra ediləcəyinə ümid edirik. Bu artıq zərurətə çevrilmişdir və şəhər nəqliyyatı üçün böyük əhəmiyyət kəsb edir. Məhz xüsusi avtobus zolaqları paytaxtımızda ictimai nəqliyyatın normal fəaliyyətinə zəmin yarada, fərdi minik vasitələrindən istifadəni azaldaraq insanların ictimai nəqliyyata yönəlməsini stimullaşdıra bilər. Son 2 gündə şirkətə məxsus avtobusların minik avtomobilləri tərəfindən vurulmasını əks etdirən görüntüləri təqdim edirik. Bir daha şəxsi avtomobil sürücülərindən ictimai nəqliyyat vasitələrinə qarşı diqqətli olmalarını, baş verə biləcək hadisələrdən yayınmalarını və avtobusların hərəkətinə mane olmamalarını xahiş edirik.

Nə düşünürsən?