Yol polisinin "tələ qurduğu" deyilən küçədən videoreportaj

  • 11.08.2020
  • 0

Dünən bəzi kütləvi informasiya vasitələrində xalq arasında "Papanin" kimi tanınan Ceyhun Səlimov və Salamzadə küçələrinin kəsişməsində yol polisinin sürücülərə "tələ" qurduğu barədə məlumatlar dərc edilmişdi. İdda olunurdu ki, yol polisi qəsdən orda dayanaraq Ceyhun Səlimov küçəsindən sola, Salamzadə küçəsinə dönən sürücüləri cərimələyir. Əvvəla qeyd edək ki, təxminən bir həftə əvvəl Avtosfer.az saytı qeyd olunan ərazidə hərəkət istiqamətinin dəyişməsi barədə məlumat vermişdi. Bu gün isə həmin yerdə yenidən çəkiliş apardıq. Ərazidə aydın şəkildə düzünə hərəkət nişanı var və sürücülər də həmin nişanın tələblərinə riayət edirlər. Yol polisi isə bu nişanı "görmədim", "həmişə belə getmişəm" deyən bir neçə məsuliyyətsiz sürücünü cərimə edib. Həmçinin orda xidmət apararaq sürücülərə istiqaməti göstərir. Avtosfer.az-a müsahibəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi ki, yolda dəyişiklik zərurətdən irəli gəlib. "Burada hərəkətə diqqətlə baxsanız sola dönmə zamanı aşkar qəza şəraitinin yarandığını görə bilərsiniz. Eyni zamanda Salamzadə küçəsindən də sürücülərin düzünə hərəkəti qadağan edilib və yalnız sağa nişanı quraşdırılıb. Amma bəzi kütləvi informasiya vasitələrində bunu yol polisinin "tələ qurması" kimi təqdim edilməsi təssüf doğurur." Ekspert Elməddin Muradlı bildirib ki, Ceyhun Səlimov küçəsi metro tikintisi ilə əlaqədar olaraq təxminən 4 il bağlı qalıb. Hazırda açılan küçə Tbilisi prospektində sıxlığın qarşısını alır. Odur ki, Ceyhun Səlimov küçəsində hərəkətin təşkilinin bu cür olması daha məqsədəuyğundur. Çünki kəsişmələr yenidən sıxlığa səbəb ola bilər. Ərazidə çəkiliş zamanı sürücülərlə də söhbətlər apardıq. Bildirdilər ki, düzünə yol nişanı aydın şəkildə görünür və bu qaydaya uyğun hərəkət edirlər. Qeyd edək ki, yeni dəyişikliklər tətbiq olunmazdan əvvəl ərazidə demək olar ki, hər gün qəzalar baş verirdi. Ətraflı hazırladığımız videomaterialda:

Nə düşünürsən?