Çin istehsalı olan smartfonların gizli məqamları

Çin istehsalı olan smartfonların gizli məqamları

  • 26.06.2020
  • 470 baxış
  • 0

Çin istehsalı olan markalarda əlverişli qiymətə əla funksionallığın təklif olunmasına adət etmişik. Məşhur brendlərin təqdim etdiyi funksionallığa yaxın keyfiyyəti daha aşağı qiymətə əldə etmək olarsa, əlavə pul ödəməyin mənası varmı? Lakin hər birimizin bildiyi kimi, “ucuz ətin şorbası olmaz” və əlverişli deyib, təhlükəsizlikdən imtina etmək heç də düzgün seçim deyil. Belə ki, “Forbes” nəşrinin məlumatına görə, təcrübəli kibertəhlükəsizlik tədqiqatçısı onun yeni “Redmi Note 8” smartfonu tərəfindən cihazda icra olunan bütün hərəkətlərin izlənilib, toplandığını aşkar edib. Gebi Kirligin sözlərinə görə, toplanmış bütün məlumatlar “Xiaomi”nin icarəyə götürdüyü iddia edilən, uzaq “Alibaba” serverlərinə göndərilirmiş. Belə ki, cihaz brauzer tarixçəsini, hətta bilavasitə “gizli” rejimdən istifadə etməklə həyata keçirilən baxışları da izləyirmiş. Bununla yanaşı, smartfon həm “Google” axtarış sorğuları, həm də istifadə olunan qovluqlar haqqında məlumatı toplayaraq, domenləri Pekində qeydə alınmış uzaq Sinqapur və Rusiya serverlərinə göndərirmiş. Bu məsələ ilə bağlı “Forbes” öz araşdırmasını apararaq, belə bir nəticəyə gəlib ki, “Xiaomi” tərəfindən “Google Play”də təqdim olunan “doğma brauzerlər”, buna misal olaraq, “Mi Browser Pro” və “Mint Browser” də istifadəçilərin şəxsi məlumatlarını toplayır. Qeyd edilən bu iki tətbiqin bir yerdə 15 milyon dəfədən çox yüklənməsinin (“Google Play” statistikasına görə) mövcud olduğunu nəzərə alsaq, hal-hazırda çox sayda istifadəçinin şəxsi məlumatı uzaq serverlərdə “dövriyyə edir”. “Xiaomi” - “Apple”, “Samsung” və “Huawei”dən sonra bazar payı üzrə dünyada dördüncü yeri tutan ən böyük smartfon istehsalçılarından biridir. Brendin bazarda böyük tələbatı daha bahalı smartfonlarla, demək olar ki, eyni keyfiyyətlərə sahib olan cihazların ucuz qiymətə təqdim edilməsi ilə bağlıdır. Lakin belə olduğu halda, risk etməyə dəyərmi? Buna artıq istehlakçı qərar verəcək. “Xiaomi”nin rəsmi nümayəndələri problemin mövcudluğunu inkar etsələr də, “məxfiliyin pozulması” halları haqqında məlumat bir neçə nüfuzlu nəşr tərəfindən dərc edilib. Bu məsələdə kimin səhv, kimin doğru olduğu tam aydın olmasa da, məlumdur ki, burada başqa bir istehsal nəhənginin ünvanına səsləndirilən bütün “ittihamlar” sadə şübhələrə əsaslanır. Belə ki, “CNN Business”in bildirdiyinə görə, ABŞ Ticarət Departamenti, “Huawei” və təchizatçılarının ABŞ texnologiyalarından istifadəsini qadağan edən yeni qayda tətbiq edib. Sentyabr ayında qüvvəyə minəcək dəyişiklik “Huawei” və ya onun filialları üçün çip istehsal etmək məqsədilə Amerika maşınları və proqram təminatlarından istifadə etməyi qadağan edir. Belə ki, Tramp administrasiyası “Huawei”i milli təhlükəsizliyə təhdid olaraq görərək, casusluqda ittiham edib. Buna cavab olaraq, “Huawei” Çin səlahiyyətlilərinin, şirkətin cihazlarından istifadə edərək ABŞ və müttəfiqlərinin danışıqlarına gizli şəkildə qulaq asdıqlarını qəti şəkildə inkar edir. Bir çoxları sözügedən qərarı Donald Trampın Çinə olan münasibəti ilə əlaqələndirir. Məsələn, “New York Times” yazır ki, ABŞ prezidenti bu şəkildə virusun dünyaya yayılmazdan əvvəl Çində dayandırılmasının lazım olduğunu əsas gətirərək, Pekini koronavirus pandemiyasında günahlandırmağa çalışır. Bu məsələ ilə bağlı “Huawei”, öz növbəsində, “Qualcomm” kimi Amerika çip istehsalçılarından asılılığını azaltmaq üçün “HiSilicon” çipsetindən istifadə edərək istehsalın artırılması yolunda addımlar atır. Hal-hazırda bütün dünya sözügedən vəziyyətin gedişatına nəzər yetirərək, bütün Çin texnosənayesinin gələcəyinin necə dəyişəcəyini diqqətlə izləyir.

Nə düşünürsən?