Siyavuş Novruzov: “Cümhuriyyətin varisi bizik”

  • 01.06.2020
  • 0

“Bir-iki nəfər insanlarda elə fikir formalaşdırmağa çalışır ki, guya Cümhuriyyətin varisi onlardır”. APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bugünkü Azərbaycan bu cür inkişaf etmiş, dünyada tanınan, dünyada sözünü deyən olmasaydı, hansısa varislikdən söhbət gedə bilməzdi: “Cümhuriyyətin varisi bizik. Onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır. Biz fikirlərimizi də, rəylərimizi də düzgün istiqamətdə formalaşdırmalıyıq. Bu gün İlham Əliyev həm də Demokratik Cümhuriyyətin prezidentidir”. Deputat Sabir Rüstəmxanlı isə Qarabağ məsələsinə toxunaraq vurğulayıb ki, Dağlıq Qarabağda son zamanlar baş verən erməni həyasızlığı hər kəsi düşündürməlidir: “Qarabağ milli məsələdir. Təəssüf ki, vaxt keçir, problem həll olunmur, bu da əhalidə narazılıq yaradır. Millətin gələcəyi, şərəfi buna bağlıdır. Bu məsələ nə iqtidarın, nə də müxalifətin inhisarındadır. Bu, hamının mövzusudur. Burada ümummilli konsepsiya olmalıdır. Ona görə də təklif edirəm ki, müvafiq qurumlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işlərlə bizi tanış etsin. Bunun üçün Milli Məclisdə ildə iki dəfə bizimlə görüşlər keçirilməlidir”. Dövlət qurumları, bütün İcra hakimiyyətlərinin yanında İctimai şuraların yaradılması və ya yenidən qurulması vacibliyindən danışan deputat Razi Nurullayev isə hesab edir ki, ictimai nəzarət mexanizmini işlək formaya salmaq lazımdır: “İctimai şuralara vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ziyalılar daxil olmalıdır ki, hər kəs bir-birinə nəzarət edə bilsin. İctimai şuralar elə seçilməlidir ki, dövlət qurumlarından asılı olmasın. Bundan başqa, deputatlardan ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə, həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın”. Deputat Ceyhun Məmmədov isə bu gün yas mərasimləri ilə bağlı qadağalara əməl olunmamasından narahatlığını bildirib. Onun sözlərinə görə, bu məsələyə baxılmalıdır: “Müvəqqəti olaraq hansısa müəyyən normalar müəyyənləşdirə bilərik. Çünki yas zamanı insanlar mərasim evlərinə toplaşmasalar da, öz evlərində yas keçirirlər. Bəziləri bu məhdudiyyətləri yanlış formada təqdim edirlər. Onlar iddia edirlər ki, guya hökumət insanların bir yerə toplaşmasını istəmədiyi üçün bu məhdudiyyətləri tətbiq edir. Bu gün yas və toy mərasimləri ilə bağlı qadağaların yüngülləşdirilməsi və sadələşdirilməsi istiqamətində addımlar atılması üçün seçicilərim mənə müraciət edir”. Deputat tədris kursları və təhsil mərkəzləri bağlı məhdudiyyətlərin qüvvədə qalmasına da toxunub. “Bu gün həmin kurslarda çalışan insanlar işsizdir. Operativ Qərargah bu məsələyə baxsa, yaxşı olardı” - deyə Ceyhun Məmmədov bildirib.

Nə düşünürsən?