İlan təhlükəsindən necə qorunmalıyıq?

  • 22.05.2020
  • 0

Havaların isinməsi ilə ilan sancmalarının da sayı artmağa başlayıb. Təkcə aprel ayından bu günə qədər 7 nəfəri ilan sancıb. APA TV-nin xəbərinə görə, hazırda toksikologiya şöbəsində ilan vuran xəstələrdən ikisi uşaqdır. Gürzə ilanı uşaqlardan birinin sağ, digərinin isə sol yuxarı ətrafından sancıb. Hadisədən sonra onlar dərhal təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Müayinədən sonra uşaqlara zərdab vurulub. Hazırda onların vəziyyəti orta ağırdır. Həkim nəzarətində olan uşaqlardan birinin yaxın günlərdə evə buraxılacağı gözlənilir. Bəs ilan sancması zamanı ilkin tibbi yardım necə göstərilməlidir? Ümumiyyətlə, zəhərin daha çox yayılmaması üçün insanlar hansı tədbirləri görməlidirlər? Baş toksikoloq Azər Maqsudov deyir ki, ilkin tibbi yardım ondan ibarətdir ki, dişlənmiş ya yuxarı, ya da aşağı ətraf hərəkətsiz vəziyyətə gətirilməlidir: “Çünki hərəkət olduqda, zəhər daha tez paylanır. Yod məhlulu ilə dişlənmiş yara işlənməlidir. Buz olsa, buz da qoymaq olar. Biz mütəxəssislər turne ilə bağlamağı məsləhət görmürük. Ancaq qısa müddətli, 40 dəqiqəlik onu çox sıxmamaq şərti ilə turneni yaranın üstünə qoymaq olar. Hardan ki, ilan dişləyib, ordan 10-15 sm yuxarı bağlamaq lazımdır. Mütləq qeyd etmək lazımdır ki, turne nə vaxt bağlanıb”. Vətəndaşlar necə, ilan vurma zamanı ilkin tibbi yardımı necə göstərəcəklərini bilirlərmi? - İlk növbədə ayağından, vurduğu yerdən yuxarı mayka ilə, paltarla sıxıb bağlayaram. - İlkin yardım mən onu bilirəm ki, ilan hardan vurursa, ordan da sıxıb bağlamalısan. Nə ilə bacarırsan, yaxında nə varsa - rezinlə, kəmərlə sıxıb bağlamalısan ki, qan yuxarı getməsin. - Onu buzla həll edirlər. Qan axmaması üçün yaranı bağlayırsan, sonra aparırsan tibbi yardıma. - İplə bağlamaq, soyuq sudan istifadə etmək lazımdır. İlan sancan vətəndaşların yaxınları, adətən, zərdab çatışmazlığından şikayət edirlər. Ötən illərin təcrübəsi belə deməyə əsas verir. Baş toksikoloq Azər Maqsudov isə narahatlığa əsas görmür: “Zərdab artıqlaması ilə var. Həm Bakı şəhər xəstəxanalarına, həm də Mərkəzi Rayon xəstəxanalarına zərdab paylanılıb. Lakin kəndlərdəki balaca məntəqələr var ki, onlar mütləq mərkəzi rayon xəstəxanalarında və ya rayon Səhiyyə Şöbəsinin qarşısında bu məsələni qaldırmalıdırlar ki, onlara da zərdab paylanılsın”. Baş toksikoloq xüsusilə kənd təsərrüfatı işləri ilə məşğul olan vətəndaşların əlcək və digər qoruyucu vasitələrdən istifadə etməsini tövsiyə edib.

Nə düşünürsən?