Sonuncu kursda təhsil alan tələbələrə vacib xəbər

  • 20.05.2020
  • 0

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. APA TV xəbər verir ki, bununla bağlı məlumat Baş Nazir Əli Əsədovun imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarda öz əksini tapıb. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərli bununla bağlı açıqlama verib. O bildirib ki, sonuncu kursda təhsil alan və heç bir akademik borcu olmayan tələbə imtahandan keçmiş hesab olunacaq: “Buraxılış kursunda, sonuncu kursda təhsil alan tələbənin heç bir fəndən akademik borcu yəni, kəsir yoxdursa, bütün fənlərdən kreditləri qazanıbsa, o halda o yekun attestasiyadan da keçmiş hesab olunacaq”. Yaşar Ömərli həmçinin qeyd edib ki, əgər tələbə yekun qiymətdən narazı olarsa onun üçün imtahanda və ya müdafiədə iştirak etməyə şərait yaradılacaq: “Tələbənin təbii ki, istəyi nəzərə alınacaq. Dövlət imtahanının nəticəsi olaraq ona verilən ümumi orta müvəffəqiyyət göstəricisindən narazıdırsa o halda həmən tələbəyə dövlət imtahanı vermək imkanı yaradılmalıdır və yaradılacaq. Bu məsələ buraxılış işinin müdafiəsi ilə də bağlıdır. Həmin göstərici tələbəni qane etmirsə o halda tələbə həmin tələbə buraxılış işinin müdafiəsində də iştirak edə bilər”. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə imtahanlar onlayn şəkildə olacaq. Belə ki, tələbələr öncədən təyin edilmiş vaxtlarda sistemə daxil olaraq şifahi şəkildə imtahan verəcəklər. “İmtahan bir gün ərzində başlayıb həmin gün ərzində də bitməlidir. Saat 9-da imtahan başlayır. Jurnal siyahısı ilə birinci altı tələbə imtahana qoşulacaq. Amma şərt qoymuşuq ki, imtahana qoşulan tələbə kameralı qurğu vasitəsi ilə qoşulmalıdır. Onlara 20 dəqiqə vaxt veriləcək. Hazır olan dəvət olunur. Müəllimlə dialoqdan sonra tələbənin qiyməti müəyyən edilir”. Prorektor onu da qeyd etdi ki, qiymətindən narazı tələbə apellyasiyaya müraciət edə bilər. Digər yenilik isə tələbənin topladığı balla bağlıdır. Belə ki, tələbə əvvəllər 5 suala görə maksimum 50 balla qiymətləndirilirdisə, indi bu qiyməti 70 bal əvəz edir. Üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələr isə növbəti dərs mövsümündə imtahanı verə bilər: “Onlayn imtahana qoşula bilmirlərsə biz onlar üçün sentyabrın ilk 20-ci günündə imtahan təşkil edəcəyik. Özü də əvvəllər belə hal olanda tələbə 25 faiz ödəniş etməklə imtahana qoşula bilirdisə bu dəfə biz onları ödənişdən azad edəcəyik. Qeyd edək ki, universitetdə imtahanlar iyunun 4-dən iyul ayının 10-a kimi davam edəcək. Sonuncu kursda təhsil alan tələbələr isə dövlət imtahanından və diplom müdafiəsindən azad ediləcək.

Nə düşünürsən?