Fransa-Azərbaycan işgüzar görüşü keçirildi

  • 12.05.2020
  • 0

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Fransa Sahibkarlar Təşkilatı və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə vebinar formatında işgüzar görüş keçirilib. APA TV xəbər verir ki, görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov təşkil edilmiş tədbirin iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycanda beynəlxalq əməkdaşlığa, o cümlədən Fransa ilə əlaqələrə böyük önəm verilir. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı barədə danışan İqtisadiyyat naziri qeyd edib ki, indiyədək Azərbaycan tərəfindən Fransa iqtisadiyyatına 2,1 mlrd. dollar, Fransa tərəfindən isə Azərbaycana 2,2 mlrd. dollar sərmayə yatırılıb. İclasda digər iştirakçılar pandemiya və neftin qiymətinin kəskin aşağı düşdüyü hazırkı şəraitdə iqtisadi diversifikasiya və dayanıqlılığın gücləndirilməsi, iqtisadi inkişafın davamlılığını təmin edə biləcək qeyri-neft layihələrinə, Fransa şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildiriblər.

Nə düşünürsən?