YPX.AZ olaraq bu məqaləmizdə sürücüləri yolayrıcı keçmə qaydaları haqqında maarifləndirmək istəyirik. Bəzən hərəkət növbəliliyi svetoforla tənzimlənən, yəni nizamlanan yolayrıclarında svetoforun yaşıl işığı yansa belə yolayrıcında sıxlıq olduğu müşahidə olunur. Yəni əgər sürücü yaşıl işığın siqnalını əsas tutub hərəkət etsə yola daxil ola bilməyəcək, əksinə iki yolun kəsişməsində qalacaq. Belə olan halda isə digər yoldan gələnlərə yaşıl işıq yandıqca onlar yolu keçə bilməyəcək. Bəs görəsən qanunda bu necə tənzimlənir? Yaşıl işıq yanan kimi mütləq hərəkətə başlamaq lazımdır, yoxsa yolayrıcın boşalmasını gözləməliyik? Bu zaman necə etsək qayda pozmarıq. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununun 75-ci maddesinin II hissəsi buna tam cavab verir. *II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.* Maddədən də göründüyü kimi yol ayrıcı tam boşalmamış hərəkəti davam etdirmək qadağandır. Hətta yaşıl işıq yansa belə, siz bu halda hərəkətə davam etsəniz qaydanı pozmuş olacaqsınız. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə 3 cərimə balı və 60 manat cərimə nəzərdə tutulub. Elə təqdim etdiyimiz, bizə göndərilən videoda da görünür ki, bəzi sürücülər bunu ya bilmir, ya da bilərəkdən qaydanı pozur. Videogörüntüdə svetoforun əlavə seksiyasında sola dönmək üçün yaşıl işıq yansa da sürücü yolayrıcında avtomobillərin olduğuna görə hərəkət etmir. Çünki hərəkət etsə həm qaydanı pozacaq, həm də yolayrıcında hərəkəti iflic edəcək. Lakin ondan arxada olan sürücü bir neçə dəfə səs siqnalı verməklə onu hərəkət etməyə məcbur etmək istəyir. Yalnız qaydalara əməl edən sürücü avtomobildən düşüb ona ıirad bildirəndən sonra səs siqnalını dayandırır.