İnsan ona verilən ömürü müxtəlif məqsədlər üçün sərf edir. Amma öz həyatını müqəddəs amal uğrunda qurban vermək heç də hər kəsə nəsib olmur. 90-cı illərin əvvələrində yenicə müstəqillik əldə etmiş Azərbaycanın başının üstünü qara buludlar alanda vətənin qeyrətli oğul və qızları ayağa qalxdılar. Əlbəttə, 20 yanvar hadisələrindən sonra şəhidlik məktəbinin dirilməsi mübarizənin əsasını qoymuşdu.
Minlərlə gənc könüllü olaraq yenicə formalaşmış Milli ordu sıralarına yazılır və ön cəbhədə düşmənlə döyüşlərə yollanırdı.
Qarabağ uğrunda canlarını fəda etmiş minlərlə şəhid, bu günə qədər də taleyi naməlum qalan yüzlərlə soydaşımız var. Bu gün də “Məzarı belə olmayan şəhidlərin” yolunu gözləyənlər, onların nə zamansa doğma ocağa qayıtması ümidi ilə yaşayanlar var.
Mübarizim.com “Şəhid ailələri” layihəsi çərçivəsində yenidən yola çıxdı. Bu dəfə Qarabağ müharibəsində şəhid olmuş Təyyar Ağayevin evini ziyarət etdik. Lökbatan qəsəbəsi… Şəhid Təyyarın ailəsinin yaşadığı evin qapınısı döyürük. Hələ də onun gələcəyi ümidi ilə yaşayan böyük qardaşı Əyyar Ağayev, cəmi 11 ay evli olduğu xanımı Bənövşə Ağayeva qarşılayır bizi.
Masanın üzərində şəhid Təyyarın böyüdülmüş şəkli və ondan qalan son xatirələr var. Özünü bu əşyalarla ovunduran böyük qardaşı Əyyar Ağayev ata qayğısı ilə Təyyar haqqında danışır.
Təyyar cəbhəyə gedəndə cəmi 10 ay imiş ki, ailə qurubmuş, övlad gözləyirmiş. Qızı dünyaya gələndən sonra onu görmək üçün evə qayıdır. Amma bir gün sonra yenidən cəbhəyə dönür. Doğumundan 34 gün sonra qızı Samirə atasız qalır…
Təyyar Şuşanın işğalı günü ön cəbhəyə yollanır. Amma ağır döyüşdən sonra geri qayıtmır. Bu günə qədər də haqqında dəqiq bir məlumat yoxdur.
Təyyarın qızı Samirə atasız böyüyür. Amma hər zaman anasında və əmisindən atsının xəbər alır. Atasının şəhid olma xəbərini qızından uzun müddət gizldirlər.
Təyyar Ağayev şəhidliyə doğru getdiyini özü əvvəlcədən bilib. Çünki getməmişdən əvvəl vəsiyyətnamə də yazıb. Ailəsi, qardaşları, dostlarına olan vəsiyyətini bir-bir bu dəftərə köçürüb. Qardaşı bu vəsiyyətnaməni uzun müddət gizli saxladığını deyir. Yolunu gözləyən həyat yoldaşı və qızını bundan xəbərdar etmir.
Ailəsi Təyyarın ölümü ilə bu gün də barışmır. Hər an onun yolunu gözləyirlər. Bir gün qayıdacağı ümidi ilə yaşayırlar.
Ümid ən son ölür… şəhid Təyyarın yolunu gözləyən Ağayevlərin bu son ümidini qırmamaq üçün qapıdan çıxanda “inşallah Təyyar qayıdar” deyirik.
Bizi gözləyən növbəti şəhid qapısını döymək üçün yola düşürük…