Bakı yollarında tıxacdan sonra ikinci bəla taksilərin avtobus dayanacaqlarını zəbt etməsidir. Hər gün bu vəziyyətlə qarşılaşırıq. Amma avtobus dayanacaqlarına girən taksilərin bu yerləri “işğal” etməsi məcburiyyətdəndir.
Çünki taksi dayanacaqları ləğv edilib və Bakı Nəqliyyat Agentliyi bu günə kimi taksi duracaqları yaratmayıb.
Məsələn, “Koroğlu” metrosu yanında taksi dayanacağı işarəsi olsada taksilər üçün ayrılmış bir dayanacaq yoxdur.
Xatırladaq ki, bu il sentyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Açılış zamanı orada taksilər üçün ayrılmış xüsusi yerlərin olduğu bildirilsə də açılışdan sonra həmin yerdə dəyişiklik edilib. Hazırda orada taksi üçün ayrılmış yerin olduğunu bildirən istiqamətləndirici işarə və asfalt üzərində çəkilən taksi duracağı olsada orada taksilərin dayanmasına icazə verilmir.
Belə bir arzuolunmaz hal məhz BNA-nın "fəaliyyətinin" nəticəsidir ki, bu da çox ciddi narazılıqlar yaratmaqdadır.
Çəkiliş zamanı taksi sürücüləri bu vəziyyətdən ciddi şəkildə narazı olduqlarını bildirdilər. Çünki bu qeyri-müəyyən vəziyyət onların gün ərzində bəzən hətta bir neçə dəfə cərimələnməsilə də nəticələnir:
Müraciət və şikayətlərə isə baxan yoxdur. Vətəndaşların haqlı narazılıqları görməzdən gəlinir. Sürücülər BNA-ya gedərək durumu rəsmilərin nəzərinə çatdırıblar. Söz verilib, əməl və nəticə isə yoxdur.
Taksi sürücüləri də bu vəziyyətdən xoşhal olmadıqlarını və tezliklə duracaqlar yaradılmasını gözlədiklərini bildirdi.
Ypx.az olaraq biz bu anormal vəziyyəti və sürücülərin haqlı narazılıqlarını işıqlandırmağa çalışdıq.